00:44 19-03-2021
news_image
153
FUTBOL

1000-cilər – 1-dən 9-a

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində keçirilən “Çelsi” – “Atletiko” oyunu turnir tarixində 9000-ci qolun vurulması ilə əlamətdar oldu.

Apasport.az saytının məlumatına görə, 2:0 hesablı qələbə qazanan London təmsilçisinin ikinci topu yubiley qolu ilə əlamətdar oldu.

Bu yazıda Çempionlar Liqasında vurulan hər 1000-ci qolun müəlliflərini təqdim edirik.

1000-ci qol: Dmitri Xoxlov
1998-ci il dekabrın 9-da baş tutan PSV – “Benfika” matçının 41-ci dəqiqəsində ev sahiblərini önə keçirən qol Xoxlovdan gəldi. Rusiyalı ÇL tarixinin 1000-ci qolunun müəllifi kimi tarixə düşdü.

2000-ci qol: Ervin Sançes
2001-ci il sentyabrın 19-da Kiyev “Dinamo”su ilə qarşılaşmanın 4-cü dəqiqəsində fərqlənən “Boavişta”nın boliviyalı yarımmüdafiəçisi növbəti minilliyi tamamlayıb.

3000-ci qol: David Trezege
Öz dövrünün tanınmış simalarından olan Trezege Çempionlar Liqasında 3000-ci qola imza atıb. Bu, 2003-cü il dekabrın 10-da “Yuventus”un “Olimpiakos” üzərində 7:0 hesablı qələbə qazandığı görüşə təsadüf edib. Oyunda 3-cü qol yubileylə əlamətdar olub.

4000-ci qol: Peter Krauç
İngiltərəli ucaboy forvard bunu “Liverpul”un heyətində reallaşdırıb. O, 2007-ci ildə “Enfild Roud”da PSV üzərində qazanılan 1:0 hesablı qələbənin memarıdır. Məhz həmin top “Liverpul”u yarımfinala daşıdı.

5000-ci qol: Luizao
2010-cu il sentyabrın 14-də Təl-Əviv “Hapoel”i ilə matçın 21-ci dəqiqəsində “Benfika”nı 1:0 hesabı ilə önə keçirən portuqaliyalıların əfsanəvi kapitanı 5000-ci qolun müəllifi oldu.

6000-ci qol: Mario Götze
2013-cü ildə Dortmund “Borussiya”sı ilə Donetsk “Şaxtyor”u 1/4 finala vəsiqə uğrunda üz-üzə gəldi. İlk oyun 2:2 hesabı ilə nəticələnmişdi. Martın 5-dəki cavab qarşılaşmasında almanlar rəqibi 3 topla üstələyərək mərhələ adladı, hətta finala qədər irəlilədi. “Şaxtyor”la cavab matçının ikinci qoluna imza atan Mario Götze isə 6000-ci qolun müəllifi kimi tarixə düşdü.

7000-ci qol: Anxel Di Mariya
Hazırda PSJ-nin formasını geyinən argentinalı parislilərdəki ilk mövsümündə buna nail oldu. O, 2015-ci il noyabrın 25-də “Malmö” səfərində turnirdəki ümumi qol sayını 7000-ə çatdırdı.

8000-ci qol: Erik Lamela
2008-ci ilin 3 oktyabrında “Uembli”də “Barselona” “Tottenhem”i 4:2 hesabı ilə məğlub etdi. 66-cı dəqiqədə kataloniyalıları mərkəzə dəvət edən Lamela ÇL-i 8000 qol həddinə çatdırdı.

9000-ci qol: Emerson Palmieri
Dünənki “Çelsi” – “Atletiko” oyununda birincilər 1/4 finala adlayan tərəf oldu. “Zadəganlar”ın sol cinah müdafiəçisi Emerson 90+4-cü dəqiqədə fərqlənməklə növbəti 1000-liyə keçid edib.