21:54 18-03-2021
news_image
521
TOKİO-2020

Olimpiadaya vəsiqəyə sahib oldu - Hacımurad Hacıyev

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni sərbəst güləşçi Hacımurad Hacıyev qazandırıb. 

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Vasiloqlodan (Rumıniya) üstün olub. Təmsilçimiz rəqibinə 7:0 hesabı ilə qalib gələrək, finala da vəsiqə qazanıb. 

Qeyd edək ki, bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 17-yə çatıb. 

Hacıyevdən öncə Hacı Əliyev (65 kq) də Budapeştdə Olimpiadada iştirak hüququna yiyələnib. 

Onlara qədər isə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.