22:32 20-03-2021
news_image
686
TOKİO-2020

İslam Abbasov Tokio-2020-də! – lisenziyalarımızın sayı 18-ə çatdı

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni yunan-Roma güləşçimiz İslam Abbasov qazandırıb. 

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 87 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda isveçrəli Ramon Betşartdan üstün olub. Təmsilçimiz rəqibinə 6:1 hesabı ilə qalib gələrək, finala da vəsiqə qazanıb. 

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 18-ə çatıb. 

Abbasovdan öncə Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) də Budapeştdə Olimpiadada iştirak hüququna yiyələnib. 

Onlara qədər isə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.