18:19 22-03-2021
news_image
171
FUTBOL

Arzuolunmaz rəqiblər - avrokuboklarda

Arsen Vengerin dönəmində ən stabil illərini keçirən “Arsenal” mütəmadi olaraq Çempionlar Liqasında iştirak edirdi.

Apasport.az saytının məlumatına görə, “topçular” buna rəğmən Avropa arenasında son nailiyyətini 1994-cü ildə Kuboklar Kubokunu qazanaraq əldə edib.

London təmsilçisi avrokuboklarda keçirdiyi 326 oyunun 171-də qələbə qazanıb, 85-də məğlub olub, 70-də isə rəqibləri ilə bərabərə qalıb. Komanda son olaraq bir neçə gün əvvəl Avropa Liqasının 1/8 final mərhələsində “Olimpiakos”a məğlub olsa da, ilk görüşdəki qələbə sayəsində yoluna davam edib.

“Olimpiakos” bununla Premyer Liqa təmsilçisini ən çox məğlub edən komandalar sırasına qoşulub. Görək, “Arsenal”ın avrokuboklar tarixində arzuolunmaz rəqibləri hansılardır?


“Bavariya” – 7 məğlubiyyət

“Topçular” üçün ən arzuolunmaz rəqib “Bavariya”dır. İngilislər bu rəqibi üzərində 3 qələbə qazansa da, heç biri mərhələ adlamağa kifayət etməyib. Almaniya klubu son üç matçda “kanonirlər”i 5:1 hesabı ilə üstələyib.


“Olimpiakos”- 6

Yunanıstan təmsilçisi ilə duellər gərginliyi ilə diqqət çəkib. Bunun nəticəsidir ki, tərəflər arasında 12 duelin 6-da “Arsenal”, 6-da “Olimpiakos” qalib gəlib.


“Barselona” – 6

“Arsenal” “Barselona” önündə 9 görüşün yalnız 1-də qələbə üzü görüb. Onun da revanşında böyük hesabla yenildiyi üçün mərhələ adlamayıb. 2005/06 mövsümündə Çempionlar Liqasının finalında londonlular məhz bu rəqibinə 1:2 hesabı ilə uduzub.


“Borussiya”, Dortmund – 3

Premyer Liqa təmsilçisinin üç dəfə yenildiyi komandalara qarşı qələbə sayı daha çox olduğu yeganə klub “Borussiya”dır. 2002/03 və 2014/15 aralığında tərəflər dörd dəfə Çempionlar Liqasının eyni qrupunda yer alıb. Ümumilikdə “Borussiya” 3, “Arsenal” 4 dəfə rəqibini üstələyib.


“Valensiya” – 3

Bu komandaya qarşı qələbə və məğlubiyyət sayı eynidir. 2018/19 mövsümündə “topçular” Avropa Liqasının hər iki görüşündə qələbə qazanaraq, ümumi qalibiyyət sayını bərabərləşdirib.


“Ayaks” – 3

Niderland klubu ilə ingilislər 8 dəfə üz-üzə gəlib. “Ayaks”ın 3, “Arsenal”ın aktivində isə 2 qələbə var. Tərəflər sonuncu dəfə 2005/06 mövsümündə ÇL-i qrupunda qarşılaşıblar.


“Deportivo” – 3

“Deportivo” ilə keçirilən 4 matçın 3-də ispanlar üstün tərəf olub. “Arsenal” La Koruniya təmsilçisi üzərində yeganə qələbəsini 1999/2000 mövsümündə UEFA Kubokunda (5:1) əldə edib.


“Spartak”, Moskva - 3

“Spartak”la duellərdə də eynilə “Ayaks”dakı göstəricilər təkrarlanıb. 4 duelin 3-də ruslar meydanı qalib tərk edib. Komandaların son görüşü 2000/01 mövsümünə təsadüf edib və “Arsenal” həmin görüşdən üstün ayrılıb – 1:0.