11:11 23-03-2021
news_image
174
FUTBOL

Mundialda 7-ci start – STATİSTİKA

Sabah DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması tarixində 7-ci dəfə mundiala vəsiqə uğrunda mübarizəyə başlayacaq.

Millimizin əvvəlki 6 startında yalnız bir qələbə qeydə alınıb. İlk matçdan iki dəfə bir xalla ayrılan komandamız digər üç mərhələyə məğlubiyyətlə başlayıb.

DÇ-1998: 2 iyun 1996. Oslo. DÇSO. Norveç – Azərbaycan – 5:0
Yığmamız dünya çempionatlarının seçmə mərhələlərində startı Osloda gerçəkləşib. İlk ağır darmadağınla nəticələnib. Bu, mərhələlərin startındakı ilk və yeganə böyükhesablı məğlubiyyətdir.

DÇ-2002: 2 sentyabr 2000. Bakı. DÇSO. Azərbaycan – İsveç – 0:1
Milli ilk dəfə dünya çempionatının seçmə mərhələsinə Bakıda start verib. Bu dəfə də rəqib şimallılar olub. Yığmamız ev oyununda bir qolla uduzub.

DÇ-2006: 4 sentyabr 2004. Bakı. DÇSO. Azərbaycan – Uels – 1:1
Komandamız tarixində ilk dəfə dünya çempionatının seçmə mərhələsinə xalla və qolla başlayıb. Bu, Uelslə Bakıdakı görüşdə baş verib. Rəşad Sadıqovun qolu heç-heçə üçün yetərli olub.

DÇ-2010: 6 sentyabr 2008. Kardiff. DÇSO. Uels – Azərbaycan – 1:0
Milli komanda ardıcıl ikinci dəfə tsiklə eyni rəqiblə qarşılaşma ilə start verib. Lakin 4 il əvvəlkindən fərqli bu dəfə matç səfərdə baş tutub. Buraxılan qola cavab verə bilməyən yığmamız məğlubiyyətlə barışıb.

DÇ-2014: 7 sentyabr 2012. Bakı. DÇSO. Azərbaycan – İsrail – 1:1
Yığmamız tarixində ikinci dəfə mundial yoluna sülhlə başlayıb. Bu dəfə də uğur Bakıda əldə edilib. Komandamızın qoluna isə yenə müdafiəçi – bu dəfə Ruslan Abışov imza atıb.

DÇ-2018: 4 sentyabr 2016. Serravalle. DÇSO. San-Marino – Azərbaycan – 0:1
Dörd il yarım öncə başlayan son tsikl uğurla start götürüb. Yığmamız tarixində ilk dəfə dünya çempionatının seçmələrinə qələbə ilə başlayıb. Bu, səfərdə qazanılıb. Rəqib dünyanın ən zəiflərindən biri sayılan San-Marino olub. Ruslan Qurbanov komandamıza üç xal qazandıran topa imza atıb.

Qeyd edək ki, millimiz sabah keçirəcəyi ilk oyunda Portuqaliyanın qonağı olacaq.