00:46 24-03-2021
news_image
144
FUTBOL

264-cü oyun - 70-ci səfər

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə görüşəcək.

Bu, komandamızın tarixində 264-cü qarşılaşma olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 263 matça çıxıb. 

Hesabında 50 qələbə və 73 heç-heçə olan yığma 140 dəfə uduzub. Əvvəlki 263 qarşılaşmada 194 qol vuran futbolçularımız 436 top buraxıb.
 
Yığmamız tarixində 132-ci səfər görüşünə çıxacaq. Rəqib meydanlarında 15 qələbəsi olan komanda 28 heç-heçə edib və 88 dəfə uduzub. Əvvəlki 131 səfərdə 76 qol vuran futbolçularımız 283 top buraxıb.

İtaliyanın Turin şəhərində baş tutacaq qarşılaşma rəsmi turnirlərdə 139-cu matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 138 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb və 30 heç-heçə edib. Milli indiyədək 92 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız indiyədək 279 top buraxıb.

Bu qarşılaşmalardan 69-u səfərdə keçirilib. 70-ci dəfə rəsmi xarakterli görüşü rəqib meydanında keçirəcək yığmamız 4 qələbə qazanıb, 10 heç-heçə edib və 55 dəfə uduzub. 27 qola sevinən futbolçularımız 180 top buraxıb.
  
Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 8-ci sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 7 matçda komandanın hesabında 1 qələbə, 4 heç-heçə və 2 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə cəmi 2 dəfə fərqlənibsə, rəqiblər 4 qola sevinib. 

Qeyd edək ki, Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.