22:01 23-03-2021
news_image
334
FUTBOL

"Ronaldonun “evində” oynayacağıq" - Canni de Byazi

“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis DÇ-20222-nin seçmə mərhələsinin sabah Portuqaliya ilə keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılıb. O, sabahkı görüş barədə fikirlərini açıqlayıb: “Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır. Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdır. Rəqib isə daha təcrübəli komandadır. Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda  istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik.
Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.