12:38 24-03-2021
news_image
198
FUTBOL

500-ü keçən “5-lik” – karyerasını davam etdirənlər arasında

İspaniya La Liqasının XXVIII turunda “Alaves”lə matçda “Atletiko”ya qələbə qazandıran (1:0) Luis Suares karyerasının 500-cü qoluna imza atıb.

Apasport.az saytının məlumatına görə, uruqvaylı forvard karyerasını davam etdirən oyunçular arasında 500 qol səddinə çatan 5-ci oyunçu olub.

Bu baxımdan onu qabaqlayan qolçular aşağıdakılardır:

1. Kriştianu Ronaldo – 770 qol
“Yuventus”un forvardı cari mövsüm 34 oyunda 30 qol vurub, 4 məhsuldar ötürmə verib. Karyerasını davam etdirənlər arasında ən çox qol vuran futbolçu olan portuqaliyalı 770 qolun 95-ni “Yuventus”da, 450-ni “Real”da, 118-ni “Mançester Yunayted”də, 5-ni “Sportinq”də, 102-ni isə Portuqaliya millisində vurub.

2. Lionel Messi – 734 qol
Hazırda La Liqanın bombardirlər yarışına başçılıq edən argentinalı bu mövsüm keçirdiyi 37 görüşdə 29 qol, 13 assistlə yadda qalıb. Karyerası ərzində 734 qola imza atan 34 yaşlı superulduz “Barselona”da 663, Argentina millisində isə 71 dəfə fərqlənib.

3. Zlatan İbrahimoviç – 546 qol
İsveçli veteran oyunçu bu mövsüm A seriyasında 15 qol vurub. Bu performansı sayəsində 40 yaşında milli komandasına qayıdıb. Hələ də Avropanın önəmli qolçularından sayılan Zlatan karyerası ərzində 546 qolun müəllifidir.

4. Robert Levandovski – 516 qol
“Bavariya”nın qol silahı cari mövsüm 36 oyunda iştirak edib, komandasına 42 qol, 8 assistlə kömək olub. Avropada mövsümün qolçusu ünvanını qoruyan polşalı rəqib qapılarına ümumilikdə 516 dəfə yol tapıb.

5. Luis Suares – 500 qol
Uruqvaylı forvard “Atletiko”nun “Alaves”lə son matçında karyerasının 500-cü qolunu vurub. Suares “Atletiko”da 19, “Barselona”da 198, “Liverpul”da 82, “Ayaks”da 111, “Qroningen”də 15, “Nasional”da 12, Uruqvay yığmasında isə 63 qola imza atıb.