00:36 26-03-2021
news_image
201
FUTBOL

Millinin 265-ci, De Byazinin 9-cu sınağı - Macarıstanda

Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, yığmamız 2021-ci ildə ilk yoldaşlıq oyununa çıxacaq.

Millimiz Macarıstanın Debretsen şəhərində Qətərlə qarşılaşacaq. Bu, komandamızın tarixində 265-ci qarşılaşma olacaq. 

İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 264 matça çıxıb. Hesabında 50 qələbə və 73 heç-heçə olan yığma 141 dəfə uduzub. Əvvəlki 264 qarşılaşmada 194 qol vuran futbolçularımız 437 top buraxıb.
 
Yığmamızın nominal qonaq olduğu görüş 126-cı yoldaşlıq oyunudur. Qeyri-rəsmi beynəlxalq turnirlər və yoxlama görüşləri çərçivəsindəki əvvəlki 125 matçda komandamız 34 qələbə qazanıb, 43 heç-heçə edib və 48 dəfə uduzub. Rəqib qapısından 115 top keçirən futbolçularımız 157-ni buraxıb.

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 9-cu sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 8 matçda komandanın hesabında 1 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə cəmi 2 dəfə fərqlənibsə, rəqiblər 5 qola sevinib. 

De Byazi indiyədək yalnız bir yoldaşlıq görüşündə milliyə rəhbərlik edib. Sloveniya ilə qarşılaşma qolsuz başa çatıb.

Qətərlə qarşılaşma millimiz üçün qol həsrətini bitirmək üçün şans hesab olunur. Son 6 matçda qol vura bilməyən yığma 601 dəqiqədir rəqib qapılarına yol tapa bilmir.

Qeyd edək ki, Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.