00:20 27-03-2021
news_image
275
FUTBOL

Het-trik müəllifləri – “ay-ulduzlular”ın

DÇ-2022-yə Niderland üzərində inamlı qalibiyyətlə başlayan Türkiyə millisində 4:2 hesablı qələbənin memarı Burak Yılmaz olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli forvard “ay-ulduzlular”ın tarixində het-trikə imza atan 14-cü futbolçu olmağı bacarıb.

Bu yazıda Türkiyə yığmasında het-trik müəlliflərini xatırlayacağıq:

Zəki Rıza Sporel
Türkiyə yığmasının tarixindəki ilk qolunun müəllifi olan Zəki eyni zamanda iki matçda het-trik etmiş birinci oyunçudur. Üstəlik, bunu ardıcıl iki görüşdə reallaşdıraraq indiyə qədər təkrarlanmayan göstəriciyə imza atıb. O, həm də bir qarşılaşmada 4 dəfə fərqlənən ilk türkiyəlidir. Zəki 1924-cü ildə Finlandiyanı 4 dəfə (4:2), bir neçə gün sonra Latviyanı 3 dəfə (3:1) cəzalandırıb.

Fahrettin Cansever
Fahrettin rəsmi matçda “ay-ulduzlu” formada ilk het-trikin müəllifidir. O, DÇ-1950-nin seçmə mərhələsində Suriyanı 7:0 hesabı ilə üstələdikləri matçda 3 qol vurub.

Reha Eken
“Qalatasaray”ın əfsanələrindən sayılan Reha Eken yığmanın heyətində ümumilikdə 4 oyun keçirib, 6 qol vurub. 1950-ci ildə yoldaşlıq görüşündə İran üzərində 6:1 hesablı qələbəyə het-triklə töhfə verib.

Burhan Sarqın
Burah dünya çempionatlarının final mərhələsində het-triklə yadda qalan yeganə türkiyəlidir. Həmin qarşılaşma DÇ-1954-ə təsadüf edib ki, “ay-ulduzlular” Cənubi Koreyaya 7:0 hesabı ilə qalib gəlib.

Lefter Küçükandonyadis
Lefter Türkiyə yığmasının heyətində ən çox qol vuran futbolçu ünvanını uzun müddət qoruyub. Hazırda isə bu baxımdan 4-cü pillədədir. 21 qola sahib əfsanəvi futbolçu 1957-ci ildə Aralıq Dənizi Oyunlarında Misiri 3 dəfə məyus edib (4:0).

Mətin Oktay
Türkiyə futbol tarixinin ən önəmli qolçuları sırasında yer alan Mətin Oktay bombardirlər yarışında 5-cidir. Aktivində 19 qol olan sabiq forvard Efiopiya ilə yoldaşlıq görüşündə (3:0) het-triklə seçilib.

Cemil Turan
Türkiyə yığmasının hazırkı baş məşqçisi Şenol Günəşin “ay-ulduzlu” formada debüt etdiyi Malta ilə qarşılaşma Cemil Turanın ikinci het-triki ilə yadda qalıb. Buna qədər isə o, Bolqarıstan üzərində 5:2 hesablı qələbədə eyni göstəriciyə imza atıb.

Oktay Dərəlioğlu
Vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”ın formasını geyinmiş Dərəlioğlu Türkiyə yığmasında 20 illik het-trik həsrətinə son qoyan oyunçu olub. DÇ-1998-in seçmə mərhələsində o, San Marino üzərində 7:0 hesablı qələbə zamanı 4 dəfə fərqlənib.

Hakan Şükür
Türkiyə yığması tarixinin 51 qolla bombardiri olan “kral”ın aktivində 2 het-trik var. O, DÇ-1998-in seçmə mərhələsində Uels (6:4) və AVRO-2008-in seçmə mərhələsində Andorra (5:0) ilə görüşlərdə het-triklə kifayətlənməyib, pokerə imza atıb.

Arif Ərdəm
Aktivində 11 qol olan Arif AVRO-2000-in seçmə mərhələsində Şimali İrlandiya üzərində qələbənin memarı olub. O, eyni zamanda 42 illik fasilədən sonra səfərdə het-trik edən ilk türkiyəli oyunçu ünvanına yiyələnib.

Alpay Özalan
Mərkəz müdafiəçisi DÇ-2002-nin seçmə mərhələsində Makedoniya ilə qarşılaşmada gözlənilmədən 3 dəfə fərqlənib. Alpay het-triki ilə türkiyəlilərə qələbə qazandıra bilməyən yeganə oyunçudur (3:3).

Tuncay Şanlı
Tuncayın da millidə 2 het-triki var. DÇ-2006-nın seçmə mərhələsində İsveç üzərindəki 4:2 hesablı qalibiyyətə baxmayaraq, final mərhələsinə rəqib yollanmışdı. 2008-ci ildə komanda yoldaşlıq görüşündə məhz onun 3 qolu sayəsində eyni hesablı qələbə qazanıb.

Umut Bulut
Umutun milli karyerasında cəmi 10 qolu var. O, bunun 3-nü DÇ-2014-ün seçmə mərhələsində Andorra (5:0) ilə görüşdə vurub. Türkiyə Super Liqasında ən çox oyun keçirən futbolçu olan Umut Türkiyı yığmasının 14-cü bombardiridir.

Burak Yılmaz
Burak Türkiyə yığmasının ən məhsuldar ikinci futbolçusu ünvanına yiyələnib. Niderlandla görüşdə het-trik müəllifi olan forvard yığma forması altında 27 dəfə fərqlənib.