18:42 26-03-2021
news_image

Tbilisidə bürünc medal qazandı - cüdoçumuz

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" yarışına start verilib. 

Apasport.az saytının məlumatına görə, 80 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycanı 11 cüdoçu təmsil edir. 

Yarışın ilk günü milli komandamız aktivinə bir bürünc medal yazdırıb. Cüdoçumuz Kəramət Hüseynov 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb. Təsəlliverici görüşdə Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gələn Kəramət mübarizədən qalib ayrılıb.

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Rusiyanı təmsil edən Konstantin Simeonidislə üz-üzə gəlməli idi. Rəqib zədə səbəbindən tatamiyə çıxmadığı üçün Hüseynov bürünc medal qazanıb. 

Bu gün mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub. 60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.

52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə martın 27-də yekun vurulacaq.