21:23 26-03-2021
news_image
325
FUTBOL

“Azərbaycan əcdadlarımın vətənidir” - Nuriyev debütünü dəyərləndirdi

“Çox şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm və qısa müddət ərzində mənə millinin heyətində debüt etmək də qismət oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Anatoli Nuriyev deyib.

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya (0:1) oyunda debüt edən milliləşdirilən futbolçu təəssüratlarını bölüşüb: “Azərbaycan mənim əcdadlarımın vətənidir. Atamın babası və babam Azərbaycanda anadan olub, bu ölkədə yaşayıblar və babam sonradan Ukraynaya köçüb”.

Nuriyev hələ birinci liqada çıxış etdiyi dövrdə millidə çıxış etməklə bağlı onunla əlaqə saxlanıldığını söyləyib: “Türkiyədə təlim-məşq toplanışında olduğum dövrdə millinin baş məşqçisinin oyunumu izləməyə gəlməsi qərar verməyimdə əhəmiyyətli rol oynadı. Millimizə faydalı ola biləcəyimə ümid edirəm. Əlbəttə, ilk növbədə millinin heyətində öz yerimi möhkəmləndirməliyəm. Buna nail olacağım təqdirdə daha çox çalışmaq və komandanın aparıcı üzvlərindən birinə çevrilmək barədə düşünmək olar”.

Nuriyev qarşıdakı görüşlərə də toxunub: “Qarşıda daha iki oyunumuz var. Hər iki qarşılaşmaya ciddi hazırlaşmalı və uğurlu nəticə qazanmalıyıq. Ümidvaram ki, məqsədimizə çata biləcəyik”.