12:08 28-03-2021
news_image
191
FUTBOL

Baş məşqçi dözmür – bu prezidentə

Yayda heyətini xeyli gücləndirərək çempionluq hədəfi ilə mövsümə başlayan “Fənərbaxça”nın son turlarda büdrəməsi baş məşqçi Erol Bulutun istefaya göndərilməsinə səbəb oldu.

Apasport.az saytının məlumatına görə, komanda Super Liqanın 10 turunda Əmrə Belözoğlu çalışdıracaq.

Maraqlıdır ki, gənc mütəxəssis Ali Koçun prezidentliyi dönəmində “sarı-lacivərdlilər”i meydana çıxaracaq 7-ci baş məşqçi olacaq. Koç rəhbər vəzifədə 3-cü ilini hələ tamamlamasa da, artıq 6 baş məşqçiyə güvənib.

Ali Koç dönəmində “Fənər”in sükanı arxasında olan mütəxəssislər aşağıdakılardır: 

Fillip Koku – 4 ay
2018/19 mövsümündə Ali Koç “Fənərbaxça” prezidenti təyin olunan kimi, Aykut Kocamanın yerinə Fillip Kokunu gətirdi. “Sarı-lacivərdlilər”i 15 oyuna çıxaran niderlandlı mütəxəssis cəmi 3 qələbəyə sevinə bildi. Bu da erkən ayrılığa səbəb oldu.

Ervin Kuman – 1 ay
Kokunun istefasından sonra komanda onun köməkçisi Ervin Kumana tapşırıldı. Ronald Kumanın qardaşı müvəqqəti təyin olunsa da, vəzifəsində cəmi 1 ay qala bildi. Komandanı 9 matça çıxaran Kuman da Koku kimi, 3 qələbə ilə kifayətləndi.

Ərsun Yanal – 15 ay
Kumanı əvəz edən Yanal turnir cədvəlinin 17-ci pilləsində qəbul etdiyi “kanarya”nı 6-cı yerə qədər yüksəltdi. Növbəti mövsümə çempionluq ümidi ilə başlayan istanbullular fevraldakı ardıcıl məğlubiyyətlərə görə Yanalla əməkdaşlığa son qoydu. 60 yaşlı çalışdırıcı postunda qaldığı 15 ay ərzində 54 matça çıxdı.

Zəki Murat Göle – 15 gün
Yanalın gedişindən sonra boş qalan vəzifəyə Zəki Murat Göle keçdi. Ancaq komandanı cəmi 2 görüşə çıxara bildi. Bunun 1-də məğlub olan “sarı-lacivərdlilər” bir dəfə də bərabərliklə kifayətləndi.

Tahir Karapınar – 2 ay
Müvəqqəti təyin olunan Karapınar mövsümün sonuna qədər komandanı 9 matça çıxardı. Mütəxəssis həmin dönəmdə gənclərə üstünlük verməsi ilə diqqət çəkdi.

Erol Bulut – 7 ay
Cari mövsümün əvvəlində bu posta gətirilən Erol Bulut Super Liqa təmsilçisini 34 görüşə çıxardı. Bulutlu “Fənərbaxça” səfər qələbələri ilə seçilirdi. Ancaq bunun əvəzində öz meydanında ən çox məğlub olan kollektivə çevrilmişdi. Orta hesabla hər oyunda komandasına 2 xal qazandırsa da, evdəki yenilgilər onun gedişinə yol açdı.

Əmrə Belözoğlu
Ötən mövsüm komandaya kapitanlıq edən Əmrə ötən ilin yayında karyerasını bitirərək idman direktoru təyin olundu. Bu vəzifədə reallaşdırdığı transferlərlə azarkeşlərin sevimlisinə çevrilən Belözoğlu Erol Bulutun gedişi səbəbindən müvəqqəti baş məşqçi funksiyasını icra edir.