11:26 27-03-2021
news_image
461
FUTBOL

Münasib “6-lıq” – millimizə

Bu gün Azərbaycan millisi növbəti oyununda Qətərlə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi yığmamız üçün asan rəqiblər sırasındadır.

Söhbət komandamızın heç vaxt uduzmadığı yığmalardan gedir. Millimiz indiyədək qarşılaşdığı rəqiblərdən 19-na məğlub olmayıb.

Lakin onlardan 8-i ilə yalnız bir qarşılaşma baş tutub. Digər 11 rəqib isə ən azı 2 dəfə görüşüb uduzmadığımız münasib komandalar hesab olunur. Bir dəfə 2:1 hesabı ilə qalib gəldiyimiz və bir qarşılaşmada sülhə (1:1) imza atdığımız Qətər yığması hələlik münasib rəqib sayılır. Millimiz bu gün də asiyalılara uduzmasa onlar ən azı 3 matçda məğlub olmadığımız 7-ci komanda olacaq. Hələlik belə rəqiblərin sayı 6-dır.

Andorra – 5
“Cırtdan”ları udmaq millimiz üçün asan olmasa da, məğlub da olmamışıq. Yalnız bir qələbəsi olan yığmamız 4 dəfə heç-heçə edib.

Qırğızıstan – 4
Millimiz futbol ölkəsi hesab edilməyən asiyalılarla yalnız bir dəfə büdrəyərək heç-heçə edib. Digər üç qarşılaşmada isə qələbə yığmamızın tərəfində olub.

Latviya – 4
Son illər enişdə olan Baltikyanı ölkə təmsilçisi üzərində yalnız bir qələbəmiz var. Digər üç matçda isə sülh qeydə alınıb.

Bəhreyn – 3
Asiyalılarla daha yaxşı oynayan millimiz üçün ən münasib rəqib. Futbolçularımız bu komanda ilə keçirdiyi hər üç qarşılaşmadan qalib ayrılıb.

Farer adaları – 3
Şimallılar Avropadakı ən asan rəqibimiz sayılır. Yığmamız hər üç görüşdə ada təmsilçisi üzərində qələbə qazanıb ki, bunlardan da ikisi rəsmi turnirə - Millətlər Liqasına təsadüf edib.

Kipr – 3
Siyahıdakı daha bir Avropa təmsilçisi. İki qələbə və bir heç-heçəmiz olan bu rəqibdən Millətlər Liqasında 4 xal almağı bacarıb.