19:19 28-03-2021
news_image
164
FUTBOL

Ən yüksək 10 sponsorluq müqaviləsi – lider dəyişir

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkilərinə məruz qalan böyük klublar sponsorluq müqavilələri sayəsində ayaqda qalmağı bacarır.

Apasport.az saytının məlumatına görə, 2021/22 mövsümündən baş sponsordan ən çox pul qazanacaq komandaların adları açıqlanıb.

Siyahıya hazırda ikinci sırada yer alan “Real” başçılıq edir. Bu da “Mançester Yunayted”in sponsor dəyişməsi səbəbindən itirəcəyi məbləğdən qaynaqlanır.

Yeni mövsümdən sponsorluq gəliri ən yüksək olacaq 10 klub bu şəkildə sıralanıb:

1. “Real” – “Fly Emirates”: 60 milyon funt-sterlinq
“Mançester Yunayted”lə “Chevrolet” arasında əməkdaşlıq mövsümün sonuna qədər olduğundan, “Real” ən yüksək məbləğdə sponsorluq müqaviləsinə qol çəkən klub ünvanını ələ keçirir. “Fly Emirates” bu siyahıda yer alan iki kluba ümumilikdə hər il 86 milyon funt-sterlinq ödəyir.

2. “Mançester Yunayted” – “Team Viewer”: 47 milyon
“Mançester Yunayted”in “Chevrolet”lə müqavilə müddəti yayda yenilənməyəcək. “Qırmızı şeytanlar”ın yeni sponsor “Team Viewer” olacaq. Bu sözləşməyə görə “mankunianlar” 13 milyon funt-sterlinq az qazanacaq.

3. “Barselona” – “Rakuten”: 47 milyon
Son vaxtlar maliyyə problem ilə üzləşən “Barselona”nın illik gəliri əslində olduqca yüksəkdir. Kataloniyalılar təkcə Yaponiyanın elektronika ticarət şirkəti olan “Rakuten”dən hər il 47 milyon funt-sterlinq büdcəsinə əlavə edir.

4. PSJ – “Accor”: 43 milyon
PSJ uzun illər əməkdaşlıq etdiyi “Fly Emirates”lə gözlənilmədən yollarını ayırdı. Klubun səhmdarları ərəblər olsa da, rəhbərlik əlavə qazanca da can atır. Bu mənada “Accor”la müqavilə heç də pis deyil.

5. “Çelsi” – “3”: 40 milyon
Londonlular cari mövsümə yeni sponsor olan “3”lə yola çıxdı. Anlaşmaya əsasən “zadəganlar” hər il 40 milyon funt-sterlinq gəlir götürürlər. “3” Honkonq mərkəzli mobil telefon şəbəkəsi və internet təminatçısıdır.

6. “Mançester Siti” – “Etihad”: 39 milyon
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ikinci hava yolu şirkəti olan “Etihad” 2011-ci ildən “Mançester Siti”nin sponsorudur. Şirkət 400 milyon funt-sterlinqlik ödəniş müqabilində adını stadiona da əlavə etdirdi.

7. “Bavariya” – “T-Mobile”: 36 milyon
“Bavariya” adətən alman şirkətlərinə üstünlük verir. Münhenlilərin forma təminatçısı “Adidas”, baş sponsor isə “T-Mobile”dir. Alman telekommunikasiya şirkəti ilə əməkdaşlıq 2004-cü ildən davam edir.

8. “Liverpul” – “Standard Chartered”: 28 milyon
Tərəflər arasında saziş mövsümün sonuna qədər idi. Ancaq müqavilə 2023-cü ilin yayına qədər uzadıldı. Üstəlik, əvvəlki anlaşma ilə müqayisədə 1 milyon funt-sterlinq artdı.

9. “Arsenal” – “Fly Emirates”: 26 milyon
“Arsenal”la “Fly Emirates” 2004-cü ildən əməkdaşlıq içindədirlər. Birləşmiş Ərəb Əmirlikləri firması “Arsenal”ın stadionunun da ad haqqına sahibdir. 

10. “Tottenhem” – AIA: 25 milyon
Honkonqun ən böyük sığorta və maliyyə şirkəti AIA 2013-cü ildən “Tottenhem”in sponsorudur. Forma üzərindəki emblem reklamına görə, ingilislərə hər il 25 milyon funt-sterlinq ödənilir.