20:20 28-03-2021
news_image
149
FUTBOL

Bir cinahda 5 ulduz – AVRO-2020-yə hansı aparılacaq?

İstənilən milli komanda üçün mövqelər üzrə eyni gücə malik iki və daha çox futbolçunun olması həmin yığmaya əlavə güc gətirər.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisində bəzən hansısa mövqeyə hətta bir oyunçu tapmaq belə problemə çevrilirsə, Avropanın futbol ölkələrində bunun əksi müşahidə olunur.

Son illərin ən rəqabətli heyətinə malik İngiltərə yığmasında isə müdafiənin sağ cinahı baş məşqçi Qaret Sautqeyt üçün əməlli-başlı başağrısına çevrilib. Britaniya mətbuatı indidən çalışdırıcının yayda keçiriləcək AVRO-2020-yə bu mövqe üzrə kimləri aparacağını müzakirəyə çıxarıb. Hətta sağ cinah o qədər güclüdür ki, bir çox yığma üçün xəyal kimi görünən və “Reyncers”in heyətində bu mövsüm 17 qol, 15 məhsuldar ötürmə ilə diqqət çəkən Ceyms Tavernyer İngiltərədə namizədlər sırasında belə yoxdur.

Bəs AVRO-2020-yə bu mövqedən kimlər aparıla bilər?

1. Trent Aleksander-Arnold
“Liverpul”un aparıcı simalarından olan Trent 100 milyon avroluq transfer qiymətinə sahibdir və hazırda dünyanın ən dəyərli sağ cinah müdafiəçisidir. Cari mövsüm 1 qol, 5 assistlə yadda qalan futbolçu DÇ-2022-nin ilk seçmə mərhələ matçlarına çağırılmadı.

2. Kayl Uolker
“Mançester Siti”nin oyunçusu 2018-ci ildəki dünya çempionatında 3-lü mərkəz müdafiənin sağında yer almışdı. Hazırda 4-lü müdafiə sistemində çıxış edən ingilislərin sağ cinaha ən real namizədlərindən biri də 30 yaşlı Uolkerdir. Cari mövsüm aktivinə 2 qol, 1 assist yazdıran ulduz futbolçunun 35 milyon avroluq transfer dəyəri var.

3. Kiran Trippier
“Atletiko”nun oyunçusu DÇ-2018-də sağ cinahın əsas üzvü idi. Xorvatiya ilə görüşdə cərimə zərbəsindən bir qol da vurmuşdu. Cari mövsüm 18 liqa matçına çıxıb, 6 məhsuldar ötürmə verib. Trippierin qiyməti 20 milyon avroya bərabər göstərilir.

4. Riis Ceyms
Trent Aleksander-Arnoldun əvəzinə DÇ-2022-nin seçmə mərhələsi üçün dəvət alan “Çelsi”nin 21 yaşlı futbolçusu San Marino (5:0) ilə qarşılaşmada start heyətində çıxış etdi, bir məhsuldar ötürmə də verdi. Cari mövsüm “zadəganlar”a 1 qol, 5 assistlə töhfə verən müdafiəçi 40 milyon avroluq transfer qiymətinə sahibdir.

5. Aaron van-Bissaka
“Mançester Yunayted”in 23 yaşlı oyunçusu, xüsusən də, güclü müdafiə yönü ilə seçilir. Bu mövsüm 2 qola, 3 məhsuldar ötürməyə imza atıb. Transfer dəyəri 40 milyon avroya bərabər göstərilən van-Bissaka baş məşqçi Qaret Sautqeytin seçimlərindən biri ola bilər.