10:22 29-03-2021
news_image
189
FUTBOL

"Qarabağ"da oynamağımın yığmaya çağırılmağımda böyük təsiri oldu" - Patrik Andrade

“Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq oyununda meydana çıxmışdım. Ancaq Kamerunla görüşdə ilk dəfə milli formada rəsmi oyun keçirdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade deyib.

Kabo-Verde millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla görüşdə iştirak edən 28 yaşlı orta sahə oyunçusu klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb. Andrade yığmadakı debütünü “Qarabağ”dakı çıxışı ilə əlaqələndirib: “Rəsmi debütümdə qələbə qazandıq, buna çox sevinirəm. Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir. Əlbəttə, "Qarabağ"da oynamağımın yığmaya çağırılmağımda böyük təsiri oldu. Mən bu komandaya keçəndən sonra milliyə çağırıldım. Ümid edirəm ki, "Qarabağ"da uğurlu çıxış etməyə davam edəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik".

Qeyd edək ki, Kabo-Verdenin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Patrik Andrade 71 dəqiqə meydanda olub.