12:30 29-03-2021
news_image
406
FUTBOL

“Barselona”da qıra bilmədiyi rekordlar – Messinin

“Barselona”nın kapitanı Lionel Messinin yayda komandanı tərk edib-etməyəcəyi bir ildir ki, müzakirə mövzusudur.

Apasport.az saytının məlumatına görə, yeni prezident Joan Laporta onu saxlamaq şanslarının yüksək olduğunu düşünür.

Klub tarixinə adını qızıl hərflərlə yazdıran argentinalının “Barselona”da hələ də təkrarlaya bilmədiyi rekordlar var. Onların bəziləri möcüzəyə bərabər görünsə də, Leo komandada qalarsa, bir neçə rekorda çatması sürpriz olmaz.

Bəs Messinin “Barselona”da qıra bilmədiyi rekordlar hansılardır?

1. Kral Kubokunun bir oyununda ən çox qol – “Nou Kamp”da ilk qolun müəllifi olan Eulogio Martines bu baxımdan rekordçudur. O, 1956/57 mövsümündə “Atletiko” ilə görüşdə rəqib qapısından 7 top keçirib.

2. Kral Kubokunun bir mövsümündə ən çox qol – Xosep Samitier İspaniya Kral Kubokunda bir mövsümdə ən çox qol vuran oyunçudur. O, 1927/28 mövsümündə bu turnirdə 21 dəfə fərqlənib. Messinin ən uğurlu mövsümündəki qol sayı isə 7-dir.

3. Kral Kubokunda ən çox qol – Messi “Barselona”da qalarsa, növbəti mövsüm klub tarixinin bu rekordunu yeniləyə bilər. Bu turnirdə aktivində 54 qol olan argentinalı 64 qolla zirvədə olan Xosep Samitierdən 10 top geri qalır. Ümumi rekord isə “Barselona”nın cari mövsüm finalda qarşılaşacağı “Atletik”in əfsanəvi hücumçusu Telmo Zarraya məxsusdur (81 qol).

4. Ən sürətli het-trik – Kataloniya klubun heyətində ən çox het-trik edən oyunçu Messidir. Ancaq bunu ən sürətli həyata keçirən Leonun sabiq komanda yoldaşı Pedro Rodriges olub. Karyerasını hazırda “Roma”da davam etdirən yarımmüdafiəçi 2013/14 mövsümündə “Xetafe”ni 9 dəqiqə ərzində 3 dəfə mərkəzə dəvət edib. Messinin ən sürətli het-triki isə 2015-ci ilin martında “Rayo Valyekano” ilə görüşə təsadüf edib. Həmin qarşılaşmada bunun üçün ona 12 dəqiqə vaxt lazım olub.

5. Bir oyunda ən çox qol – Messi “Barselona”nın forması altında ən çox vuran oyunçudur. Ancaq bir matçda ən çox qol vurmaq rekordunu təkrarlamaq mümkünsüzə oxşayır. Çünki Joan Qamper 1901 və 1903-cü illər aralığında keçirilən 3 fərqli görüşdə rəqib qapılarından 9 top keçirib.

6. La Liqanın bir matçında ən çox qol – Laslo Kubala 1952-ci il fevralın 10-da “Sportinq Xixon”u bir görüşdə 7 dəfə mərkəzə dəvət etməklə rekordçudur. 1931-ci ildə məhz “Barselona” ilə qarşılaşmada 7 qol vuran “Atletik”li Aqustin Sauto Arana da rekorda şərikdir.