18:47 29-03-2021
news_image
241
FUTBOL

“Səviyyəmiz onlardan üstün deyil” - Emin Mahmudov

“Serbiya çox çətin rəqibdir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.

Yığmamız DÇ-2022-nin seçmə mərhələsində sabah Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəcək.

Qarşılaşmadan öncə keçirilən mətbuat konfransına qatılan 29 yaşlı yarımmüdafiəçi matça kökləndiklərini söyləyib: “Serblərdə böyük futbolçular var. Amma yenə də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə verək. Heç nə itirmirik. Qələbə qazanmağa çalışacağıq”.

“Neftçi”nin kapitanı bildirib ki, futbol bir oyunçudan asılı deyil: “Əsas komandanın kollektiv şəkildə çıxış etməsidir. Meydanda olanda əlimdən gələnin maksimumunu göstərməyə, milliyə xeyir verməyə çalışacağam”.

Mahmudov əlavə edib ki, rəqib daha güclü heyətə malikdir: “Əsas mübarizə aparmalıyıq. Bizim səviyyəmiz onlardan üstün deyil. Hamı bilir ki, Serbiya yığmasının üzvləri daha üstündürlər. Onların oyunçuları hər il Çempionlar Liqasında oynayır. Bir saniyə konsentrasiyanı itirsək, qol vura bilərlər. Topla oynamağa çalışmalıyıq. Portuqaliya ilə görüşün ilk hissəsində top saxlaya bilmədik, əziyyət çəkdik. İkinci hissəni super keçirdiyimizi demirəm, amma daha yaxşı hücuma çıxırdıq”.