14:28 30-03-2021
news_image
225
DİGƏR NÖVLƏR

WCC ilə peşəkar müqavilə - həmyerlimizdən

Şose velosipedi üzrə U-23 milli komandamızın üzvü Ayan Xankişiyeva Dünya Velosiped Mərkəzinin (WCC - World Cycling Centre) komandasının heyətində çıxış edəcək. 

Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, AzVİF və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında əldə olunan razılığa əsasən İsveçrənin Eqle şəhərində yerləşən idmançı ilin sonunadək WCC-nin şərəfini qoruyacaq. 

Müvafiq yoxlamalardan uğurla keçən Xankişiyeva ilə artıq peşəkar müqavilə də imzalanıb.

Martın 8-dən etibarən İsveçrədə olan velosipedçimiz burada hazırlıq prosesləri ilə yanaşı, Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara da qatılacaq. 

Qeyd edək ki, Ayan Xankişiyevanın dünya və Avropa çempionatlarından başqa, bu ilin sentyabrında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da iştirakı nəzərdə tutulur.