17:09 30-03-2021
news_image
106
FUTBOL

Ən uzun müddət millidə qalanlar – biri hələ də çağırılır

Niderland dünya futbolunun ən önəmli ölkələrindən biridir.

Apasport.az saytının məlumatına görə, “narıncılar” böyük turnirlərə rəng qatmaqla və saysız-hesabsız istedadlı futbolçular üzə çıxarmaqla məşhurdur.

Ancaq üç dəfə dünya çempionatının finalından başıaşağı ayrılan komanda 1988-ci ildəki Avropa çempionatında tarixinin yeganə böyük titulunu əldə edib.

Niderland yığmasında hər il böyük ulduzlar yetişdiyindən, milli komandada da tez-tez dəyişikliklər qaçılmaz olur. Bu səbəbdəndir ki, bir futbolçunun uzun müddət yığmaya çağırılması onlarda çox yaşanmır. Bu yazıda məhz Niderland millisinin formasını ən uzun müddət geyinən oyunçulara nəzər yetirəcəyik.

6 nəfərin yer aldığı siyahıda hazırda yığma karyerasını davam etdirən bir futbolçu da var.

1. Abe Lenstra: 19 il, 1 ay, 19 gün
Rekordçu Lenstra Niderland tarixinin həm də qolçuları sırasındadır. O, 1940-cı il martın 31-dən 1959-cu il aprelin 19-dək yığmanın 47 oyununda meydana çıxıb, 33 qol vurub.

2. Bertus de Harder: 16 il, 11 ay, 29 gün
De Harder II Dünya Müharibəsi dönəmində futbol oynayıb. Təbii ki, müharibə futbola da ciddi təsirini göstərib. Müharibədən bir il əvvəl millidə debüt edən Bertus 1955-ci il mayın 19-da vida matçına çıxıb.

3. Mik Klavan: 16 il, 8 ay
Onun da dönəmində yığmalar tez-tez qarşılaşmırdılar. Klavan 1948-1965-ci illər aralığında müntəzəm dəvət alıb. Son olaraq İsraillə görüşdə bu formanı geyinib.

4. Rayan Babel: 16 il, 4 gün
Bir neçə ildir karyerasını Türkiyədə davam etdirən 35 yaşlı hücumçu məhz oradakı performansı sayəsində yenidən Niderland yığmasına dəvət alır. 2005-ci il martın 26-da Rumıniya ilə görüşdə debüt edən Babel 68 matçı 16 ilə yaymağı bacarıb. O, hazırda da millinin şərəfini qoruyur.

5. Yan Yonqbloed: 15 il, 8 ay, 30 gün
Niderlandın unudulmaz 8 nömrəli qapıçısı DÇ-1974 və DÇ-1978-in finalında çərçivədə dayanıb. 1962-ci ildə Danimarkaya 1:4 hesabı ilə uduzduqları görüşdə ilk dəfə çərçivəyə keçib. O, 1978-ci ildəki dünya çempionatının finalında Argentinaya 1:3 hesablı məğlubiyyətdən sonra milli karyerasını başa vurub.

6. Uesli Sneyder: 15 il, 4 ay, 6 gün
Niderland yığmasının heyətində ən çox oyun keçirən futbolçu olan Sneyder 2003-cü il aprelin 30-da Portuqaliya ilə qarşılaşmada debüt edib. 2018-ci il sentyabrın 6-da isə Peru ilə matçda son dəfə bu forma altında meydana ayaq basıb.