18:42 30-03-2021
news_image
559
FUTBOL

“Sənin milli komandan "Neftçi"dir” – “Forza Neftçi”dən bombardirə dəstək

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazini heyətlə bağlı baxışları futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamaqda davam edir.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisin bəzən təəccüb, bəzən müxtəlif şübhələrə əsas verən qərarları narazıların sayını artırır.

Onun Azərbaycan Premyer Liqasının bombardiri Namiq Ələsgərova güvənməməyi də kifayət qədər narazılıqlara yol açıb. O, DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə bu gün keçiriləcək görüşün “23-lüy”ünə də daxil edilməyib.

Bombardirə qarşı belə münasibətə “Forza Neftçi” azarkeş qrupu da biganə qalmayıb. Ölkənin ən böyük fanklublarından sayılan qrup Namiqə dəstək nümayiş etdirib.

Bununla bağlı mövqeyini sosial şəbəkədə paylaşan “Forza Neftçi” Ələsgərovun yanında olduğunu ifadə edib: "Forza Neftçi" olaraq Namiq Ələsgərova öz dəstəyimizi göstəririk! Sənin milli komandan "Neftçi"dir, sənin azarkeşin bizlərik! Bizi çempion elə, səninlə birlikdə bu şəhəri yandıraq”.

Qeyd edək ki, bu il millinin start heyətində şans qazanmayan Namiq martın 24-də Portuqaliyaya qarşı matçın 85-ci, 27-də Qətərlə görüşün 56-cı dəqiqəsində meydana daxil olub.