00:46 01-04-2021
news_image
184
FUTBOL

Oynadığı xatırlanmayan “10-luq” – “Mançester Siti”də

2008-ci ildə Əbu-Dabidəki “United Group” tərəfindən alınan “Mançester Siti” dünyanın ən zəngin klublarından birinə çevrilib.

Apasport.az saytının məlumatına görə, bundan sonra klub öz yetirmələrini ikinci plana ataraq yüksək məbləğlər qarşılığında böyük transferlər həyata keçirməyi üstün tutub.

Məhz “Mançester Siti” akademiyasından yetişmiş bir çox oyunçu var ki, oradan ayrıldıqdan sonra yüksəlişə keçməyə nail olub. Hətta elələri var ki, onların vaxtilə Mançester şəhərinin ikinci böyük klubunda çıxış etdiklərini əksəriyyət bilmir.

Bu yazıda məhz “Mançester Siti”dəki oyunu xatırlanmayan 10 futbolçu təqdim edəcəyik.

Daniel Starric
2003-2009-cu illərdə “şəhərlilər”in formasını geyinib. Nəhayət, 7,2 milyon avroya “Çelsi”yə yollandı. Əsl oyununu isə daha sonrakı klubu olan “Liverpul”da sərgilədi. Starric hazırda klubsuzdur.

Kasper Şmeyxel
“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxelin oğlu futbola “Mançester Siti” akademiyasında başlayıb. Bir neçə klubda icarə əsasında oynadıqdan sonra 2009-cu ildə 1,7 milyon avro müqabilində “Notts Kaunti”yə üz tutub. İki il sonra “Lester”in təxminən eyni qiymətə aldığı danimarkalı komandasının Premyer Liqa çempionluğunda önəmli pay sahibi oldu.

Denis Suares
Suares 2011-ci ildə “Selta”nın aşağı yaş qrupundan 1 milyon avroya alındı. Kifayət qədər şans əldə etmədiyi üçün 2013-cü ildə 1,5 milyon avroya “Barselona”nın B komandası ilə anlaşdı. Orada da özünü doğrultmayan Suares hazırda onu yetişdirən “Selta”nın formasını geyinir.

Adrien Rabyo
Fransalı yarımmüdafiəçi 2008-ci ildə cəmi 6 ay “Mançester Siti”nin formasını geyinib. Daha sonra ölkəsinə qayıdaraq PSJ-nin akademiyasına qoşuldu. Hazırda isə “Yuventus”un şərəfini qoruyur.

Loris Karius
Karius 2009-cu ildə “Ştutqart”dan cəmi 225 min avroya alındı. Əsas komandada şans qazana bilmədiyi üçün 2012-ci ildə “Manynts”a yollandı. Daha sonra “Liverpul”a keçən Kariusun karyerası Çempionlar Liqasının final matçındakı kobud səhvdən sonra enişə keçdi.

Kiran Trippier
Trippier futbola “şəhərlilər”in aşağı yaş qrupunda başladı. Əsas heyətə qədər yüksələ bilmədiyi üçün 2012-ci ildə “Bernli”yə satıldı. Ardından yüksəlişə keçən sağ cinah müdafiəçisi bu gün həm “Atletiko”nun, həm də İngiltərə millisinin əsas oyunçularındandır.

Cedon Sanço
“Mançester Siti”nin daha bir yetirməsi olan Sançonu Dortmund “Borussiya”sı 2017-ci ildə 7,8 milyon avroya heyətinə cəlb etdi. Gənc yaşda böyük yüksəlişə keçən vingerin qiyməti artıq 100 milyon avroya bərabər göstərilir.

Ceson Denayer
O da bəziləri kimi, əsas komandada debüt etməyib. Ancaq “Qalatasaray”dakı performansı səbəbindən 10 milyon avroya “Lion”a transfer olundu. Artıq Belçika millisinin aparıcı simaları sırasındadır.

Pablo Mari
İspaniyalı mərkəz müdafiəçisi 2016-cı ildə 200 min avroya transfer olundu. İlk üç mövsümü icarə əsasında başqa klublarda keçirdi, “şəhərlilər”də debüt etməyə müvəffəq olmadı. 2019-cu ildə 1,7 milyon avroya “Flamenqo”ya keçən Mari hazırda “Arsenal”ın formasını geyinir.

Roni Lopes
2012-ci ildə 1 milyon avro qarşılığında “Benfika” akademiyasından alındı. “Mançester Siti”də istədiyi qədər şans əldə edə bilməyincə 2015-ci ildə “Monako”ya keçdi. Bu transfer ingilislərlə 12 milyon avro qazandırdı. Oradan da “Sevilya” onu 25 milyon avroya aldı. Lopes cari mövsümü icarə əsasında “Nitsa”da keçirir.