12:51 01-04-2021
news_image
484
FUTBOL

Bombardirlər olub, yığmaya düşən və düşməyənlər – SİYAHI

Azərbaycan Premyer Liqasının hazırkı bombardiri Namiq Ələsgərovun millinin Serbiya ilə oyununda “23-lüy”ə daxil edilməməsi böyük əks-səda doğurub.

Apasport.az saytının məlumatına görə, çempionatımızın bombardirlərinin yığmada etimad qazanmaqda çətinliklə üzləşməsi çoxdan adi hala çevrilib.

1992-ci ildən indiyədək keçirilən yarışda 16 yerli statusa malik futbolçu bombardir tituluna yiyələnib. Həmin oyunçuların milli karyeraları fərqli alınıb. 

Düzdür, ötən əsrdəki bombardirlərin millidən kənarda qalması ölkə xaricində daha sanballı hücumçularımızın oynaması ilə bağlıdır. Lakin son illərdə legionersiz futbolumuzun bombardirləri daha çox baş məşqçilərin əcaib yanaşmalarının qurbanına çevrilib.

Qurban Qurbanov – 68 oyun, 14 qol
Milli tarixinin ən yaxşı bombardiri çempionatda da fərqlənməyə macal tapıb. “Neftçi”nin forvardı 1996/97 mövsümündə “qol kralı” olub.

Rauf Əliyev – 47 oyun, 7 qol
Uzun illər yığmada klubdakından daha məhsuldar olduğu təsiri bağışlayan hücumçu bir dəfə bombardirlik sevinci yaşayıb. O, 2016/17 mövsümündə bombardir olub.

Mahir Emreli – 29 oyun, 4 qol
Millinin indiki heyətində yeganə bombardirdir. Son iki mövsümdə - 2018/19 və 2019/20-də “Qarabağ”da bu ada yiyələnən forvard millidə də əsas heyət üzvü sayılır.

Xaqani Məmmədov – 20 oyun, 1 qol
Yığmada kifayət qədər oyun keçirən hücumçu fasilələrlə şans qazanıb. Bombardirliyi “İnter”də oynadığı 2007/08 mövsümünə təsadüf edib.

Samir Ələkbərov – 16 oyun, 2 qol
Futbolumuzun ən parlaq istedadlarından biri “Neftçi”də 1993 mövsümündə bombardir olub. Təkcə yığma məşqçiləri deyil, AFFA da onun karyerasının məhvində rol oynayıb.

Zaur Ramazanov – 14 oyun
Bombardir tituluna iki dəfə yiyələnən forvard da yığmada qol hesabını açmayıb. “Karvan”da 2004/05, “Xəzər Lənkəran”da 2006/07 mövsümündə uğur qazanan hücumçu da millidəki baş məşqçilərdən lazımi etimad görməyib.

Fərid Quliyev – 7 oyun, 1 qol
Premyer Liqada təsadüfi bombardirlərdən sayılan hücumçu sabit karyerası ilə seçilməyib və bu yığmada da əksini tapıb. “Standard”ım hücumçusu 2009/10 mövsümündə bombardir olub.

Samir Musayev – 5 oyun
Klub karyerasında kifayət qədər məhsuldar olan, lakin yığmada fərqlənə bilməyən daha bir istedad. “Qarabağ”da çıxış etdiyi 2003/04 mövsümündəki bombardirliyi də millidə uzun müddət etimad qazanması üçün yetərli olmayıb.

Nazim Əliyev – 2 oyun
Azərbaycan futbolu tarixinə yarışın çempionatın üçqat bombardiri kimi düşən yeganə hücumçu yığmada etimad qazanmayıb. Sumqayıt “Xəzər”ində 1992, “Neftçi”də 1994/95, “Dinamo”da 1997/98 mövsümündə bombardir olan Əliyev çempionatlar tarixinin ən məhsuldar oyunçusu olsa da millidə qol hesabını da aça bilməyib.

Musa Qurbanov - oynamayıb
1993/94 mövsümündə vurduğu çoxsaylı qollarla həm bombardir olan, həm “Turan”ı çempionluğa daşıyan hücumçu heç vaxt yığmada meydana çıxmayıb. Milli çalışdırıcıları onun oyununu həmişə diqqətdən kənar qoyub.

“Kəpəz”li cütlük - oynamayıb
1995/96 mövsümündə çempionatın iki bombardiri olub. “Kəpəz”in üzvləri Rövşən Əhmədovla Fazil Pərvərov hamını qabaqlayıb. Uzun illər oynadığı klublarda aparıcı rollarda olan ön xətt futbolçuları millidən kənar qalıb.

Alay Bəhramov – oynamayıb
“Viləş”ın rəmzi də millidə debüt etməyib. Baxmayaraq ki, 1998/99 mövsümündə çempionatın bombardiri adına da yiyələnib.

Paşa Əliyev – oynamayıb
Milli üzünə həsrət qalan daha bir bombardir. O, “Dinamo”da keçirdiyi 2000/01 mövsümündə ən yaxşı olsa da, uzun müddət qolçuluğu ilə seçib.

Nurlan Novruzov - oynamayıb
Premyer Liqanın daha bir təsadüfi bombardiri “Bakı”da 2014/15 mövsümündə fərqlənib. Lakin bu uğuru da ona millidə debüt şansı verməyib.

Badri Kvaratsxeliya – 3 oyun
Çempionatın bombardiri olan gürcüstanlı legioner veteran vaxtlarında milliləşdirilib. “Şəmkir”də 1999/2000 mövsümünün ən məhsuldarı olan forvard yığmada heç nə ilə diqqət çəkməyib. Müxtəlif illərdə bombardir olan digər legionerlərdən Georgi Adamiya və Reynaldo da milliləşdirilməsi gündəmə gəlsə də, onlar yığmada debüt edə bilməyib.

Qeyd edək ki, Namiq millidə 22 oyun keçirib, qol vurmayıb.