00:07 02-04-2021
news_image
110
FUTBOL

Tarixi rekorda 6 oyun qaldı - məğlubiyyətsiz baş məşqçilər

1934, 1938, 1982 və 2006-cı illərdə dünya çempionu olan İtaliya yığması DÇ-2018-dən kənarda qalınca baş məşqçi postuna Roberto Mançinini gətirib.

Apasport.az saytının məlumatına görə, 56 yaşlı çalışdırıcı “Skuadra Adzurra”ya məğlubiyyəti artıq unutdurub. Onun rəhbərliyi altında komanda artıq 25 matçdır uduzmur. Ancaq bu, İtaliya yığması tarixinin baş məşqçiləri arasında ən yüksək göstərici deyil. Mançini tarixi rekorda nail olmaq üçün daha 6 matçda məğlubiyyət görməməlidir.

1. Vittorio Pozzo - 30 oyun
İl baxımından İtaliyanı ən uzun müddət çalışdıran mütəxəssisdir. İki dəfə dünya çempionluğunu qazanan Pozzo 19 il millinin sükanı arxasında olub. 87 oyunda “Skuadra Adzurra”nı meydana çıxaran çalışdırıcı 1935-1939-cu illərdə baş tutan 30 qarşılaşmada komandasının məğlubiyyətinə imkan verməyib.

2. Roberto Mançini - 25 oyun
Mançini İtaliya millisini yenidən məğlubedilməz komandaya çevirib. Yığma artıq 25 matçdır uduzmur. Bu müddətdə 20 dəfə qələbə qazanıb, 5 dəfə heç-heçə ediblər.

3. Marçello Lippi - 25 oyun
DÇ-2002 və AVRO-2004-dəki uğursuzlulardan sonra baş məşqçi postu Lippiyə həvalə olunub. Ardıcıl 25 görüşdə uduzmayan “Skuadra Adzurra” 2006-cı ildə də dünya çempionluğunu qazanıb. Turnirdən sonra vəzifəsindən ayrılan Lippinin rəhbərliyi altında komanda ümumilikdə 29 matçın cəmi 2-də yenilib.

4. Ferruççio Valkareqqi - 18 oyun
İtaliya turnirlərin aşkar favoriti sayılmasa da, güclü müdafiə futbolu sayəsində istəyinə çatıb. Bunu ən yaxşı tətbiq edənlərdən biri Ferruççio Valkareqqi olub. Onun başçılığı altında komanda 1968-ci ildə Avropa çempionluğunu qazanıb, iki il sonra dünya çempionatının finalında iştirak edib.

5. Azeqlio Viçini - 18 oyun
Gənclər yığmasındakı uğur onun əsas milliyə yolunu açıb. 1986-cı ildə işə başlayan Viçini komandanı AVRO-1988-də finalçı, DÇ-1990-da isə bürünc medalçı edib. Yığmanın AVRO-1992-dən kənarda qalması onun da ayrılmasına səbəb olub.

6. Arriqo Sakki - 15 oyun
İtaliya yığması 1992-ci ildəki Avropa çempionatına qatılmaq şansını qaçırınca 1991-ci ilin sonlarında Arriqo Sakki baş məşqçi təyin olunub. Norveç bərabərliyi ilə (1:1) debüt edən Sakki 1992-ci ildə məğlubiyyət üzü görməyib. Bu seriya 1993-cü il mayın 1-də İsveçrə ilə görüşdə qırılıb.