09:57 02-04-2021
news_image
156
FUTBOL

“Slovakiya ilə dueldə xal və ya xallar qazanmalıyıq” – millimizin baş məşqçisi

“Komanda planlaşdırdığımız kimi, aprelin 1-dən toplanışdadır. Buna qədər isə gündəlik məşqlərimizi edirdik”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Avropa çempionatının seçmə mərhələsində aprelin 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq yığmamız təlim-məşq toplanışına başlayıb. Bakı İdman Sarayında baş tutan məşqlər tam heyətlə keçirilmir. Karyerasını ölkə xaricində davam etdirən milli üzvləri məşqlərə sabah qoşulacaq.

Hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan baş məşqçi yeganə problemi məhz tam heyətlə hazırlaşmamalarında göstərib: “Hazırda oyunçular oteldə qalır. Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir. Çünki İspaniya çempionatında oyunlar keçirilir. Qalo düşərgəmizə aprelin 5-də gələcək və Bakıda cəmi bir məşqdə iştirak edəcək. Eduardo və Bolinya bura daha tez gələcək”.

Alesio zədə səbəbindən bəzi oyunçulara dəvət göndərmədiyini də qeyd edib: “Rafael Vilela və Vassoura bu dəfə bizə kömək edə bilməyəcək. Həkimi zədə səbəbindən Vilelanın azı 2 həftə məşqlərdən kənarda qalacağını bildirib. Ona görə də heyətdə müəyyən dəyişiklik edəcəyik. Qalan hər kəs oyuna hazırdır”.

Braziliyalı mütəxəssis zədəli futzalçılara rəğmən səfərdən qələbə ilə dönmək istədiklərini, bunun üçün də kifayət qədər səbəblər olduğunu vurğulayıb: “Bəli, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq bu, qalan 2 oyuna rahat çıxmağımıza əsas vermir. Əvvəla liderliyi təmin etməliyik. Bunun üçün də Slovakiya ilə dueldə xal və ya xallar qazanmalıyıq. Əlbəttə, hər iki oyundan qalib ayrılsaq, daha yaxşı olar. Çünki qazanılacaq uğurlu nəticə reytinq xallarımızı artıracaq. Hazırda Xorvatiya ilə aramızdakı fərq elə də böyük deyil. Qarşıda iki oyunumuz var, onların da bu qədər matçı qalıb. Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki, reytinq xalımız artsın, gələcək püşkatmalarda xeyrimizə işləsin”.