22:08 02-04-2021
news_image
222
FUTBOL

La Masiyanı tərk edib, ulduz olanlar – ADLAR

La Masiya dünyanın ən yaxşı akademiyalarından biri sayılır.

Apasport.az saytının məlumatına görə, Lionel Messi, Xavi Ernandes, Andres İnyesta kimi superulduzlar məhz həmin akademiyanın yetirmələridir.

Ancaq “Barselona” əlindən qaçırdığı bir çox ulduz futbolçu da yetişdirib. “Barsa” akademiyasında yetişib, başqa klublarda ulduzu parlayan oyunçuları təqdim edirik. Hansı ki, onların bəzilərinin məhz Kataloniya klubunun yetirməsi olduğunu, bəlkə də, çox adam bilmir.

Mauro İkardi
“Barselona” akademiyasında yetişən argentinalı 2011-ci ildə 300 min avroya “Sampdoriya”ya keçib. İkardi oradan 13 milyon avroya “İnter”də, son olaraq da 50 milyon avro müqabilində PSJ-yə transfer olundu.

Ektor Belyerin
La Masiyanın yetirməsini “Arsenal” 2011-ci ildə 500 min avroya heyətinə cəlb etdi. İspaniyalı sağ cinah müdafiəçisi həmin gündən londonluların formasını geyinir.

Pepe Reyna
Akademiyanın daha bir kəşfi üçün “Vilyarreal” 2002-ci ildə 750 min avro xərc çəkib. Hazırda karyerasını “Latsio”da davam etdirən təcrübəli qolkiper “Liverpul”, “Napoli”, “Bavariya” və “Milan” kimi klubların çərçivəsini qorudu.

Mikel Arteta
Hazırda “Arsenal”ın baş məşqçisi olan Arteta da “Barselona”nın kəşfidir. 2002-ci ildə 7,9 milyon avro qarşılığında “Reyncers”in yolunu tutan sabiq yarımmüdafiəçi “Real Sosyedad”, “Everton” və “Arsenal”da da oynadı.

Keita Balde Diao
Seneqallı cinah oyunçusu 2011-ci ildə 300 min avroya “Latsio”ya satıldı. Oradakı performansı sayəsində italyanlar Baldeni 2017-ci ildə 30 milyon avroya “Monako”ya göndərdi.

Adama Traore
Traore 2015-ci ildə “Barselona”ya 10 milyon avro qazandıraraq “Aston Villa”ya keçdi. Hazırda “Vulverhempton”da çıxış edir və bir çox klubun maraq dairəsindədir.

Alexandro Qrimaldo
Qrimaldo 2016-cı ildə 2,1 milyon avro müqabilində “Benfika”ya üz tutdu. Gənc sol cinah müdafiəçisi həmin vaxtdan özünü çok inkişaf etdirib.

Erik Qarsiya
2016-cı ildə 1,7 milyona “Mançester Siti”də keçən gənc mərkəz müdafiəçisi mövsümün sonunda “Barselona”ya qayıdacaq.

Andre Onana
“Ayaks” Onana üçün 2015-ci ildə cəmi 150 min avro ödəyib. Hələ də Niderland klubunda olsa da, dopinq qaydalarını pozduğu üçün 1 illik futboldan kənarlaşdırıldı.

Dani Olmo
La Masiyanın daha bir yetirməsi Olmo 2014-cü ildə Zaqreb “Dinamo”suna azad agent kimi keçdi. Oradakı performansı sayəsində 22 milyon avroya “Leypsiq” tərəfindən transfer olundu. Artıq “Barselona” da daxil olmaqla, nəhəng klublar onu izləyir.