12:27 03-04-2021
news_image
388
FUTBOL

De Byazinin “gəncləşdirmə siyasəti” – milli tarixində 5-ci

Uğursuz nəticələrə gəncləşmənin, nəsildəyişmənin əsas gətirilməsi bütün dünya futbolunda dəbdədir. 

Apasport.az saytının məlumatına görə, bu il keçirdiyi bütün oyunlarda uduzan Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi uğursuzluqlara heyətin gəncliyi ilə don geyindirə bilməz.

Çünki italiyalı mütəxəssisin ölkəmizə gəldiyi gündən güvəndiyi oyunçuların orta yaş həddi sələfləri ilə müqayisədə heç də ciddi fərqlənmir. Onun rəhbərliyi altında 10 matç keçirən yığmamız meydana çıxan oyunçularının orta yaşı 25 yaş 8 ay 27 gün təşkil edib.

Bu, millimizin tarixindəki 15 baş məşqçi arasında yalnız 5-ci göstəricidir. Təbii ki, 1 qarşılaşmada iş başında olan məşqçilər şurası, Mahmud Qurbanov və Nazim Süleymanov müqayisədən kənarda qalır. Çünki 1 matçla hər hansı mülahizə yürütmək düz deyil.

Digər 15 mütəxəssis arasında mütləq rekord Ələkbər Məmmədova məxsusdur. Onun dönəmində yığmanın orta yaşı 24-ə yaxın olub. De Byazinin komandasından təxminən yaşyarım kiçik olan komanda yalnız yoxlama görüşü və beynəlxalq turnirdə iştirak edib.

Gənclərə güvənməkdə 2-ci sırada Berti Foqtsdur. O, Əhməd Ələsgərovu cəmi 12 gün üstələyir. Təkcə bu üç mütəxəssis deyil, Karlos Alberto Torres də de Byazini qabaqlayır.

Qeyd edək ki, ən yaşlı heyət Qyoko Hacıyevskinin dövründə olub.

Millinin baş məşqçilərinin dönəmində yığmanın orta yaş həddi
Ələkbər Məmmədov - 24 yaş 1 ay 2 gün
Berti Foqts - 25 yaş 3 ay 8 gün
Əhməd Ələsgərov - 25 yaş 3 ay 20 gün
Karlos Alberto Torres - 25 yaş 7 ay 25 gün
Canni de Byazi - 25 yaş 8 ay 27 gün
Robert Prosineçki - 25 yaş 11 ay 9 gün
Şahin Diniyev - 26 yaş 4 ay 2 gün
Vaqif Sadıqov - 26 yaş 4 ay 24 gün
Nikola Yurçeviç - 26 yaş 5 ay 14 gün
Əsgər Abdullayev - 26 yaş 5 ay 24 gün
İqor Ponomaryov - 26 yaş 6 ay 15 gün
Ağasəlim Mircavadov - 26 yaş 8 ay 10 gün
Qurban Qurbanov - 26 yaş 8 ay 24 gün
Kazbek Tuayev - 26 yaş 9 ay 16 gün
Qyoko Hacıyevski - 27 yaş 11 ay 26 gün