18:46 04-04-2021
news_image
201
FUTBOL

“Üzr istəyirik” – Samir Abasov

“Məğlubiyyətdən sonra nə isə demək çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt”la ev oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib. Abasov komandasının 0:2 hesablı məğlubiyyətinə şərh verib: “Futbolçuların günahları yoxdur. Rəqibi təbrik edirik. Onların qələbəsinə kölgə salmırıq. Düşən imkanlardan yararlandılar və qalib gəldilər. Bu oyun qorxudurdu. Statistikamız uğursuz idi. Qış toplanışından sonra “Səbail”ə qarşı bərbad oynadıq. Sonra növbəti fasilə olanda da “Zirə”yə uduzduq. Məşqçilər heyətinin günahıdır ki, bunu bilərək komandanı yetərincə hazırlaya bilmədik. Azarkeşlərimizdən dönə-dönə üzr istəyirik. Problem “Sumqayıt” yox, fasilədən sonra tempi qoruya bilməməyimizdir. Bunun öhdəsindən gələ bilmədik. Bu, bizə zərbədir. Motivasiya, istək var idi, amma intizamdan qopmaq bizi üzdü”.

Abasov məğlubiyyətin səbəbini aqressiyada görmür: “Aqressiya çox idi deyə intizam pozuldu, tələskənlik oldu. Futbolçular qələbə üçün nə etmirdilər ki? Məni üzən oyun intizamını qoruya bilməməyimizdir. Səbəb fasilədən düz istifadə etməməyimizdir. Matçın sonunda təlaş var idi deyə meydana çıxıb oyunçuları meydandan çıxardım. Başqa problem yox idi”.