10:40 05-04-2021
news_image
77
FUTBOL

“Əks təqdirdə əsəbi, gərgin olacağıq” – millimizin müdafiəçisi

“Dünəndə komanda ilə birgə ilk məşqimə çıxmışam. Bir qədər çətin oldu. Ancaq sabah daha rahat şəkildə məşq edəcəm”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borqes deyib.

Aprelin 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq yığmamızın Bakıda davam edən məşqinə dünən Bolinya və Eduardo Borqes də qoşulub. Edu Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında hazırlıq və oyunla bağlı fikirlərini bölüşüb: “Məşq prosesi bizim üçün yaxşı alınmadı. İki oyunçumuz zədələndi. Bu da oyunçuların istəkli, özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyindən irəli gəlirdi. Onların bizə kömək edib-etməyəcəyi sabah məlum olacaq. Allahın köməyi ilə hər şey yaxşı olar və hər iki futzalçı bizimlə birgə səfərə yollanar”.

Futzalçı Qalonun komandaya qoşulmasından sonra daha da güclənəcəklərini, itkilərin isə kollektivə çətinlik yaradacağını qeyd edib. Müdafiəçi Slovakiya ilə qarşılaşmada şansların bərabər olduğunu da vurğulayıb: “Şanslar bərabərdir – 50-nin 50-yə. Biz qələbə qazansaq, liderliyimizi təmin edəcəyik. Səfərə də bu məqsədlə yollanacağıq. İstəyimizi reallaşdıracağımıza inanırıq”.

Eduardo birinci pilləni təmin etmək üçün Slovakiya ilə görüşdə 1 xalın kifayət edəcəyini, amma meydana sırf heç-heçə üçün çıxmayacaqlarını deyib: “Bilirik ki, Slovakiya ilə görüşdə heç-heçə də bizə məqsədimizi reallaşdırmağa yetir. Ancaq meydana heç vaxt heç-heçə üçün çıxmamışıq. Bizə iki oyundan 6 xal lazımdır. Onda əhval-ruhiyyəmiz də yüksək olacaq. Eyni zamanda, indi UEFA-nın tərtib etdiyi reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışıq. Qələbələr qazanmalıyıq ki, xal ehtiyatımızı artıraq. Əks təqdirdə hamımız əsəbi, gərgin olacağıq”.