13:14 05-04-2021
news_image
1622
FUTBOL

“Çirkin ördək balası”, sevilməyən ən yaxşı futbolçu - uşaqlığın fəsadları

Bir çox futbolçunun həyatının ilk illəri yoxsulluq içində keçir.

Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur futbolçusu Rivaldonun uşaqlığı daha acınacaqlı keçib.

Uğursuzluqlara təslim olmadı
Uşaq vaxtı ayaqlarında oynaq pozuqluğu olan Rivaldo yetərincə bəslənmədiyi üçün dişləri tökülmüşdü, səhhətində ciddi problemlər yaranmışdı. Ancaq döyüşçü xarakterinə malik idi, bu problemlərə baxmayaraq, futbolçu olmağın xəyalını qururdu. Bir neçə dəfə sınaqlardan uğursuz çıxsa da, təslim olmadı. Nəhayət, 16 yaşında Paulistanoda məşqçilərin “bu fiziki durumla oynaya bilməzsən, meydanda ayaq üstə dura bilmirsən”, deməsinə baxmayaraq, şans qazanmaq üçün onlara yalvardı. Həmin il atası avtomobil qəzasında vəfat etdi.

Atasının ölümündən sonra futbolçu olmaq artıq bir seçim yox, məcburiyyət idi. 17 yaşında ilk peşəkar müqaviləsini imzaladı. Aşağı yaş qruplarında “Santa Kruz”, “Moqi Mirim”, “Korintians” və “Palmeyras”la möhtəşəm yüksəlişə nail oldu. 21 yaşında “Palmeyras”la Braziliya çempionu olanda yerli mətbuat onu “mövqeyinin ən yaxşısı” kimi qələmə verirdi.

Avropaya açılan cığır
1996-cı ildə Avropaya üz tutan Rivaldo İspaniya “Deportivo”su ilə anlaşdı. Komanda onun möhtəşəm çıxışı sayəsində tarixinin ən yaxşı nəticələrindən birini göstərdi, üçüncü yeri tutdu. Həmin il onu diqqətlə izləyən biri var idi – “Barselona”nın baş məşqçisi Bobbi Robson. “Barselona”dakı ilk mövsümündə elə performans ortaya qoydu ki, ilin sonunda “Qızıl top”u başı üzərinə qaldırdı, dünyada ilin futbolçusu adına layiq görüldü.

Səhvi ilə azarkeşlərini azaltdı
2000/01 mövsümündə “Valensiya”yaqarşı het-triki və akrobatik tullanışla vurduğu fantastik qol tarixdə yalnız nəticənin qalmadığının əyani sübutu oldu. Heç nədən qol vurmaq bacarığına malik, qeyri-adi zəkaya sahib olmasına baxmayaraq, onu sevməyənlər də kifayət qədər idi. Çünki qələbə üçün etməyəcəyi heç nə yox idi. Nə feyr-pley, nə etika, nə qayda-qanun. DÇ-2002-də Türkiyə ilə matç zamanı Hakan Ünsalın vurduğu top dizinə dəysə də, sifətini tutaraq rəqibə qırmızı vərəqə aldırması bir çox azarkeşin Rivaldoya sevgisini azaltdı. Ancaq bunun “sambaçı” üçün elə bir önəmi yox idi. “Futbolda şiddət və kobudluqlar, onsuz da, var. Topun sifətimə gəlməməsi önəmli deyil, əsas nəticədir”, - deyən Rivaldo ona kəsilən maddi cərimədən sonra “hər futbolçu gənclərə örnək olduğunu düşünərək meydanda hərəkət etməlidir” cümləsini işlətdi.

Onun üçün cərimə, hörmətdən düşmək və insanların sevgisini itirmək o qədər də önəmli deyildi. Əsas odur ki, Braziliya yığması dünya çempionu olmuşdu. Onun üçün digər önəmli faktor isə Ronaldinyo və Ronaldo ilə eyni vaxtda meydanda olmaq idi. Düzdür, Ronaldinyo və Ronaldo ondan daha böyük ulduz sayılırdı və daha çox pul qazanırdılar. Ancaq meydanda bu “trio” möhtəşəm anlaşırdı. Həmin vaxt Rivaldoya Braziliyanın “çirkin ördək balası” deyirdilər.

1999-cu ildəki Amerika Kubokunda oyunu ilə özünə bənzəmirdi. Çoxları özünü “Barselona” üçün qoruduğunu, qəsdən bu cür oynadığını iddia etdi, amma yenə vecinə olmadı. Mətbuat və azarkeşlərlə münasibət qurmaqdan qaçır, insanların onu sevməsi üçün çox da cəhd etmirdi. İmicə, görünüşə, nüfuza deyil, qazandığı titullara, vurduğu fantastik qollara, meydançadakı oyununa baxırdı. Yəni futbolu dost yox, kubok qazanmaq üçün oynayırdı.

Zəif olub, zəifləri bəyənmədi
Rivaldo “Barselona”dan “Milan”a keçdi, 2003-cü ildə Çempionlar Liqasını qazanan heyətdə yer aldı, yenə qazandı. Ancaq hələ 32 yaşı olsa da, əvvəlki performansından uzaq görünürdü. “Qızıl unitaz” mükafatına layiq görüldüyü və tarixin ən zəif “11-liy”inə seçildiyi İtaliyanı 2004-cü ildə tərk etdi. Ölkəsinə qayıtdı, “Kruzeyro”ya keçdi. Ancaq bu transferin arxa pərdəsi var idi.

Vanderley Luşemburqu “Kruzeyro”nun sükanı arxasına gətirilmişdi. Braziliyalı əfsanəvi mütəxəssis 1994/95 mövsümündə “Palmeyras”da Rivaldonun baş məşqçisi olub, eyni zamanda məsləhətçisi idi. Luşemburqu uğursuz nəticələr üzündən istefaya göndərildiyi gün Rivaldo da müqaviləsini ləğv etdi. “Olimpiakos”dan gələn təkliflə bağlı Yunanıstana yollandı, 3 il bu klubda oynadı. Ölkə çempionluğundan sonra AEK-ə transfer olunsa da, mövsümü zəif keçirdikləri üçün oradan ayrıldı. Gedişini isə belə əsaslandırdı: “Çox zəif komanda idi, heç nə qazanmağa layiq deyildi”.

43 yaşında vida və ya uğursuz seriyaya son
Rivaldonun yaşı artıq 36 idi, ancaq oynamaq istəyi azalmamışdı. Futbolda qalmaq üçün Özbəkistanın “Bunyodkor” klubunun yüksək maaş təklifini geri çevirmədi. Ancaq ölkənin futbol səviyyəsi çox aşağı idi. Maraqlıdır ki, Rivaldo orada ilk oyununda 1, ikinci matçında 2, üçüncü görüşündə 3, dördüncü qarşılaşmasında isə 4 qol vurdu, bunu bacaran yeganə futbolçu kimi tarixə düşdü.

2012-ci ildə Anqolada 10 aylıq macəra yaşadıqdan sonra ölkəsinə qayıtdı və 2015-ci ildə 43 yaşında “Moqi Mirim”də karyerasını bitirdi. Artıq klub prezidenti idi, amma hələ də qələbə əzmi azalmamışdı. Komandası ardıcıl 11 tur qələbə qazana bilməyincə, özü də oynamaq qərarına gəldi. “Makae” ilə görüşdə həm özü, həm də oğlu Rivaldinyo qol vurdu. Ata-balanın qolları ilə uğursuz seriya başa çatdı.

Uşaqlığında aldığı zədənin fəsadları
Rivaldonun meydançadakı oyunu həmişə tərifəlayiq idi, ancaq xarakteri barədə belə demək olmaz. Hələ də ölkəsində “ən sevilməyən ən yaxşı futbolçu” kimi xatırlanır. Axı möhtəşəm istedada malik olub bu qədər nifrət qazanmaq asan deyil. Çoxları Rivaldonun bu sərtliyini uşaqlığında aldığı zədə ilə əlaqələndirir. Çünki uşaq vaxtı heç kimdən kömək görməyib, aclıqdan 13 yaşına çatmamış ölüm təhlükəsi ilə üzləşib və həyatını döyüşərək qazanıb.

Psixoloqlar bu halların onda insanlara qarşı nifrət yaratdığını düşünür. Rivaldo özü isə həmin günləri bir cümlə ilə belə xatırlayıb: “Uşaq vaxtdakı aclıq hissini heç vaxt unutmadım”...