14:14 06-04-2021
news_image
786
DİGƏR NÖVLƏR

Avropa çempionumuz: “Sonda deyəsən qoca nənə olanda da tək qalacağam” - MÜSAHİBƏ

“Avropa çempionu olduğum üçün xoşbəxtəm”.

Bu sözləri apasport.az saytına Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova deyib.

59 kq çəki dərəcəsində uğur qazanan milliləşən bolqarıstanlı Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boyanka əldə etdiyi uğurdan məmnunluğunu gizlətməyib: “Moskvada çempion olmaq istəyirdim. Yekunda istəyimə də çatdım. Buna görə çıxışımdan razı qaldım”.

Öncə dopinqdən istifadəyə görə diskvalifikaya, ardınca koronavirus pandemiyası üzündən bir müddət yarışlardan kənar qalan idmançı uğuruna öncədən inandığını gizlətməyib:
“Bilirdim ki, 1-ci yeri tutacağam. Məhz bu nəticəyə köklənmişdim. Rusiyaya qalib olmağa motivasiyalı gəlmişdim. 1-ci yer uğrunda əsas mübarizə rusiyalı idmançı Olqa Te ilə getdi. Amma sonda mən qalib gəldim. Özümdən razı qaldım. Pandemiya kimi ağır dövrdə Azərbaycanı təmsil etmək, qalib gəlməyi bacardıq. Federasiya rəhbərliyinin köməyilə buna nail olduq. Qurumun prezidenti Cahangir Əsgərov, nazirlik, Milli Olimpiya Komitəsi, şəxsi məşqçim Laçezar Kişkilov, qadınlardan ibarət yığmanın çalışdırıcısı Sərdar Həsənova təşəkkür edirəm ki, mənə dəstək olub, kömək göstəriblər”.

Boyanka Avropa çempionatında ciddi rəqibi olmadığını da qeyd edib: “Bu yarışdakı iştirakçıları o qədər də güclü rəqib sayılmır. Öz çəkimdə əsas rəqiblərim Taypey və Çin təmsilçiləridir. Artıq lisenziya da qazandığım Olimpiya Oyunlarına 3 ay qalıb. Tokioya gücləndirilmiş rejimdə hazırlaşacağıq. Orada qalib gəlməliyəm. Hazırlığımı Bakıda və Bolqarıstanda keçirəcəyəm”.

İdmançımız Olimpiadadan sonrakı planları və şəxsi həyatına da toxunub: “Hələ necə olacağını deyə bilmərəm. Çünki özüm də bilmirəm. Şəxsi həyatımda hər şey qaydasındadır. Olimpiadan sonra ailə həyatı qurmaq barədə fikirləşirəm. Amma həmişə Olimpiadadan sonra deyirəm. Sonda deyəsən qoca nənə olanda da tək qalacağam. Artıq ailə quracağım şəxsi də müəyyənləşdirmişəm. Lakin onun kimliyini açıqlaya bilmərəm”.