22:14 06-04-2021
news_image
207
FUTBOL

Həm “Real”, həm də “Liverpul”da oynamış ulduzlar - ADLAR

Bir qədər sonra Çempionlar Liqasının 1/4 final mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, günün ən diqqətçəkən matçında “Real”la “Liverpul” üz-üzə gələcək.

Əsl Avropa klubu sayılan və qitənin ən güclülərindən olan bu komandaların dueli böyük maraq doğurur. Matç öncəsi karyerası ərzində həm “Liverpul”, həm də “Real”ın formasını geyinmiş futbolçuları təqdim edirik.

Stiv Makmanaman
“Liverpul” akademiyasında yetişən Makmanaman 1999-cu ildə “Real”a keçərək 9 illik klubundan ayrıldı. “Kral klubu”nda daha çox ehtiyatda oturdu. Uğurlu əvəzedici hesab edilirdi. Çünki sonradan meydana daxil olduqda komandaya xeyir verə bilirdi. 2003-cü ildə “Mançester Siti” ilə anlaşaraq ölkəsinə dönən sabiq yarımmüdafiəçi iki il sonra karyerasını bitirdi.

Nikolya Anelka
Fransalı Avropanın ən önəmli klublarında forma geyinməyi bacarmış tək-tük oyunçulardandır. PSJ-nin aşağı yaş qrupundan çıxan sabiq forvard 2 mövsüm “Arsenal”da çıxış etdikdən sonra “Real”ın yolunu tutdu. Orada cəmi bir mövsüm keçirib, PSJ-yə qayıtdı. Paris təmsilçisindəki ikinci mövsümündə isə “Liverpul”a icarəyə verildi.

Maykl Ouen
Makmanaman kimi, Ouen də “Liverpul”un yetirməsidir və oradan “Real”a keçib. “Kral klubu”nda cəmi bir mövsüm qala bildi. Əsasən ehtiyatda oturmasına baxmayaraq, 13 qol vurdu, ancaq mövsümün sonunda yola salındı.

Antonio Nunyez
Ouenin “Real”a transferi qarşılığında Nunyez də “Liverpul”a keçdi. Ancaq madridlilərdəki kimi, “qırmızılar”da da ehtiyatdan qurtula bilmədi. Bir mövsüm sonra da “Liverpul”dan ayrıldı.

Yerji Dudek
2005-ci ildə “Liverpul”un Çempionlar Liqasını qazanmasının memarlarından olan Dudek 2007-ci ildə “Real”ın formasını geyindi. Ancaq oradakı günləri uğurlu alınmadı. Polşalı dövrünün ən yaxşı qapıçılarından olan İker Kasilyasla rəqabət apara bilmədi. Ancaq yenə də 4 mövsüm “Real”da qaldı və 38 yaşında karyerasını elə bu klubda bitirdi.

Fernando Moryentes
Moryentes nə qədər çalışsa da, özünü “Real”da sevdirə bilmədi. Çünki onun vaxtında Raul Qonzales, Davor Şuker, Nikolya Anelka, Ronaldo, Maykl Ouen kimi dünya ulduzları ilə rəqabət aparmalı oldu. Ancaq yenə də “kral klubu”nun heyətində 100 qol vurmağa müvəffəq oldu. Getdikcə oynamaq şansı azaldığını görən oyunçu “Monako”ya icarə əsasında yollandı. Ardından il yarım da “Liverpul”un şərəfini qorudu, 61 oyunda 12 dəfə fərqləndi.

Xabi Alonso
“Real Sosyedad”ın liderlərindən olan Alonso 2004-cü ildə “Liverpul”a transfer edildi. Premyer Liqa təmsilçisində keçirdiyi 5 mövsümdə mövqeyinin ən yaxşılarından sayılan ispaniyalı 2009-cu ildə “Real”la müqavilə imzaladı. Beş il sonra isə karyerasının son klubu olan “Bavariya”ya keçdi.

Alvaro Arbeloa
“Real”ın akademiyasında yetişən Arbeloa iki fərqli dönəmdə bu komandanın formasını geyindi. İlk olaraq “Deportivo”da özünü göstərdi, 2007-ci ildə “Liverpul”la anlaşdı. Çıxışı ilə “Real”ı 2009-cu ildə onu transfer etməyə vadar etdi. AVRO-2008, DÇ-2010 və AVRO-2012-nin qalibi olan İspaniya yığmasının heyətində yer aldı. “Real”da 7 mövsüm keçirdi.

Nuri Şahin
2011-ci ildə “Real”a transfer olunan türkiyəli yarımmüdafiəçi ardıcıl zədələr səbəbindən İspaniyada özünü göstərə bilmədi. Bu problem 2012/13 mövsümünün qış fasiləsində icarə əsasında yollandığı “Liverpul”da da davam etdi.