11:37 07-04-2021
news_image
191
FUTBOL

“O, həmişə ağılasığmaz “oyunlar çıxarırdı” – sabiq hakimin etirafları

Uzun illər İngiltərənin ən yaxşı hakimləri sırasında yer alan Mark Klattenburq 2016-cı ildə Çempionlar Liqasının finalını və AVRO-2016-nın həlledici matçını idarə edib.

Apasport.az saytının məlumatına görə, daha sonra o, Səudiyyə Ərəbistanı və Çində də çalışıb.

Klattenburq yerli mətbuata açıqlamasında hakimlik karyerası ərzində ona ən çox çətinlik yaradan futbolçuların adlarını açıqlayıb. 46 yaşlı sabiq referi müəyyən etdiyi çətin “5-liy”i belə əsaslandırıb:

1. Kreyq Bellami
“İllərdir ən pisi barədə düşündüm. Bu yerə əminliklə Bellamini qoyardım. O, meydanda adamı ən çox əsəb edən futbolçu idi. Çox kobud idi və ona nə deməyin önəmli deyildi. Bellamiyə qarşı səhvlərim oldu, ancaq mənə dedikləri qəbuledilməz idi. İnsanlar onu meydandan qovmağımı istəyirdilər. Bir dəfə simulyasiya etdiyini düşünərək ona qırmızı vərəqə göstərdim. Amma epizodun təkrarına baxanda qərarımın yanlış olduğunu gördüm. Yola getmədiyim bir futbolçu idi”.

2. Roy Kin
“Fiziki cəhətdən çox güclü və sərt idi. Ona güvənə bilməzdin. Nümunə kimi onun Alf-İnqe Halanda qarşı etdiyi kobudluğa baxın. Kinin nə zaman nə edəcəyini heç vaxt bilməzdin”.

3. Pepe
“Çempionlar Liqasının finalında Pepe ilə qarşılaşmışdım. O, həmişə çətin adam olub, çünki daim nəsə etməyə çalışıb. Rəqibin hücumçularının əvəzlənməsi üçün onları havaya uçururdu. Bu da oyunu idarə edən bir hakim üçün arzulanan hal deyil”.

4. Yens Lemann
“Onu da idarə etmək çətin idi. Çünki daim şikayət edirdi, rəqib futbolçuların onun ayağını tapdaladığını iddia edirdi. Künc zərbələri zamanı ona cüzi toxunuş olanda hücumçunu itələyib, hakimin üstünə qışqırırdı”.

5. Rio Ferdinand
Aleks Ferqyuson dönəmində hakimlik etmək çətin olurdu. Çünki Ferdinand həmişə ağılasığmaz “oyunlar çıxarırdı”. Premyer Liqada tez-tez “Mançester Yunayted”in matçına təyin olunduğum üçün Ferdinanda qarşı çətinlik çəkirdim. Ancaq yaşım artdıqca və onun “oyunlarını” oxuduqca planlarını başa düşürdüm.