12:21 07-04-2021
news_image
107
FUTBOL

“İmici qorumaq üçün qələbə qazanmalıyıq” – millimizin üzvü

“Komandada əhval-ruhiyyə yaxşıdır. Oyuna demək olar, tam hazırıq”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Ramiz Çovdarov deyib.

Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Slovakiyaya qarşı keçirəcək yığmamız dünən gec saatlarda Levice şəhərinə çatıb. Komanda oyunöncəsi son məşqini bu gün keçirəcək.

Çovdarov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında hazırlıq barədə danışıb: “Heyətimizdə ciddi itkilər var. Rafael Vilela, Vassoura, Hadi Ahmadi və Bolinya bu oyunda bizə kömək edə bilməyəcəklər. Komandamız üçün bu qədər futzalçının eyni vaxtda zədələnməsi itki hesab olunur. Əsas da “stolb” oyunçumuz azdır. Hazırkı heyətdə ancaq Xətai Bağırov bu mövqedə çıxış edir. Ona görə də taktiki planda dəyişikliklərin olacağı istisna edilmir. Çalışacağıq ki, onların yoxluğu oyunumuza və yekunda nəticəyə təsir etməsin”.

Rəqib barədə də fikirlərini bölüşən futzalçı hədəflərinin qələbə olduğunu əlavə edib: “Final mərhələsinə vəsiqəni təmin etmişik, amma tapşırığımız yekunlaşmayıb. Həm liderliyi təmin etmək baxımından, həm də reytinq xalları qazanmaq və millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq. Rəqibin əsas “silah”ı Drahovskidir. Oyunu onun üzərində qururlar. Məncə, ona oynamağa imkan verməsək, əsas təhlükənin qarşısını almış olacağıq. İlk işimiz isə baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirmək, oyunumuzu ortaya qoymaqdır”.