12:37 07-04-2021
news_image
195
FUTBOL

İngiltərə millisinin tarixinin bombardirləri – “Top-15”

İngiltərə millisinin 15 ən yaxşı bombardirinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, böyük britaniyalılar dünyanın ən yaşlı futbol yığmalarından biridir.

Lakin futbolun yaradıcıları yalnız bir dəfə - 1966-cı ildə dünya çempionu adına yiyələnib. İngiltərə hələ də qitə çempionu tituluna həsrətdir. Buna baxmayaraq, millinin tarixində yetərincə dahi simalar, o cümlədən bombardirlər olub. Yığma tarixinin demək olar ki, bütün dövrlərində komandanın ön xəttində ulduz yer alıb.

1. Ueyn Runi – 53
Məşhur futbolçu və məşqçi. Yığmada oynamağa 2003-cü ildə başlayıb. İndiyədək milli komandanın heyətində ilk qoluna imza atan ən gənc futbolçu kimi qalır. Üç Avropa və dünya çempionatında oynayıb. Amma yığma ilə mükafat qazanmayıb.

2. Bobbi Çarlton – 49
60-cı illər bu əfsanəvi top ustasının çiçəklənmə dövrü idi. O, İngiltərə yığması ilə ardıcıl 10 dəfə Böyük Britaniya ev çempionatında qalib olub. Oynadığı müddətdə millinin beynəlxalq səviyyədə bütün mükafatlarını qazanıb. 1966-cı ildə dünya çempionu olub, 2 il sonra Avropa çempionatının bürünc mükafatına yiyələnib.

3. Harri Liniker – 48
O, bu gün populyar futbol şərhçisidir. “Futbolu hamı oynayır, amma həmişə almanlar qalib gəlir” ifadəsi də məhz ona məxsusdur. O, bunu “Bavariya” ilə görüşlərdən sonra işlədib. Amma onun özü də qələbə qazanmağı bacarıb. Dünya çempionatlarında 10 qol çox şeydən xəbər verir.

4. Cimmi Qrivz – 44
60-cı illərdə yığmalar arasında Böyük Britaniyanın ev çempionatı keçirilib. Bu futbolçu dörd dəfə yarışın qalibi olub. 1966-cı ildə dünya çempionu adını da qazanıb. Qrivz altı dəfə birinci divizionun ən məhsuldar futbolçusu olub. Bunu heç kim təkrarlaya bilməyib.

5. Maykl Ouen – 40
Həmişə hücumçu mövqeyində oynayıb. Klub futbolunun nəhəngləri “Liverpul”, “Real”, “Mançester Yunayted” və “Nyukasl”da çıxış edib. Daim hücum xəttinin lideri olub. 2001-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilib. Ölkəsinin yığmasında 18 yaşında debüt edib. Düzdür, bu komandanın heyətində heç bir mükafat qazanmayıb.

6. Harri Keyn - 32
Rusiyadakı dünya çempionatında milli komandanın kapitanı olub. O, 6 qol vuraraq yarışın ən yaxşı bombardiri adını qazanıb. Millidə oynamağa 2015-ci ildə başlayıb. Litvaya qarşı keçirilən ilk görüşdə qol vurub. Millinin heyətində AVRO-2016-ya yollanıb. Lakin İngiltərə orada çox uğursuz çıxış edib.

7. Net Lofthaus – 30
1952-ci il mayın 25-də bu oyunçu maraqlı ləqəb alıb. Ona “Vyana şiri” adı verilib. Buna Avstriya ilə səfər matçındakı iki qol səbəb olub. Onda İngiltərə meydan sahiblərinə 3:2 hesabı ilə qalib gəlib. 1952-ci ildə İngiltərə ilə İrlandiya arasında ənənəvi mövsümlük matç keçirilib. Lofthaus orada 6 qol vurub.

8. Alan Şirer – 30
Bu əfsanəvi hücumçunun milli komandadakı ən böyük nailiyyəti 1996-cı ilin Avropa çempionatının bürünc medalı olub. Turnir yığma üçün ev çempionatı idi. Bu üzdən ora vəsiqə qazanmaq lazım gəlmirdi. Şirer İsveçrə ilə ilk oyunda qol vurub. O, Şotlandiya ilə qarşılaşmada da eynisini təkrarlayıb. Hollandiya ilə görüşdə isə ümumiyyətlə dubl edib. O, Almaniya ilə yarımfinal matçında da öz qoluna imza atıb. Amma İngiltərə penaltilər seriyasında uduzub.

9. Tom Finni – 30
Milli komandanın heyətində üç dünya çempionatında oynayıb. 1950-ci ildə komanda qrupdan çıxa bilməyib. Dörd il sonra 1/4 finalda uduzub. 1958-ci ildə yenə qrupda dayanıb. Milli komandada son matçını 38 yaşında keçirib.

10. Vivian Vudford – 29
Olimpiya yığmasının heyətində 1908-ci və 1912-ci illərin ikiqat Olimpiya çempionu. Millinin formasını ilk dəfə 1903-cü ildə geyinib. Komandada 23 matç keçirib. Maraqlıdır ki, o eyni vaxtda həm də ölkəsinin həvəskarlardan ibarət millisində də oynayıb. O, bu komandada 57 qol vurub.

11. Frank Lempard – 29
Futbolçu, məşqçi və uşaq şairi. “Çelsi”yə sadiq oyunçu. İndiyədək dünyanın ən yaxşı yarımmüdafiəçilərindən sayılır. Onun oyun dəst-xətti hərəkətlərin sürəti və uzun ötürmələrdən ibarət idi. Yığmada çox parlaq və diqqətçəkən oyun sərgiləyib. Dəfələrlə braziliyalıları məyus edib. Amma milli səviyyəsində heç bir mükafat qazanmayıb.

12. Stiv Blumer – 28
Milli komandada 1895-ci ildən 1907-ci ilədək çıxış edib. Debütü Şimali İrlandiya ilə matçda gerçəkləşib. Jurnalistlərin yazdığına əsasən oyun çox şən keçib və ingiltərəlilər 9:0 hesabı ilə qalib gəlib. 1896-cı ildə Uelslə matçda 5 qol vurub.

13. David Platt – 27
1996-cı ildə Avropa çempionatında bu futbolçu ölkəsinin millisindəki çıxışlarını başa vurub. Bu, ev çempionatı idi və hamı çox çalışırdı. Platt yalnız bir dəfə start heyətində meydana çıxdı. Bu, İspaniya ilə çətin matç idi. Əsas və əlavə vaxt qalib müəyyənləşməyib. Penaltilər seriyasında ingilislər qələbə qazanıb. Yarımfinal Almaniyaya qarşı idi. David gözlənilmədən meydana mərkəz müdafiəçisi kimi çıxıb. Yenə də penaltilər seriyasına ehtiyac yaranıb. Bu dəfə 1:1 hesablı nəticədən sonra.    Lakin bu dəfə almaniyalılar daha uğurlu olub.

14. Brayan Robson – 26
Bu futbolçu hücumameylli yarımmüdafiəçi kimi oynayıb. Millidə də çıxış etsə də, əsasən “Mançester Yunayted”də tanınıb. O, burada ardıcıl 12 il kapitan sarğısını daşıyıb. Millidə 90 oyun keçirib. Bunların düz 2/3-də kapitan sarğısı ilə meydana çıxıb. Futbolçu karyerasını bitirəndən sonra “Mançester Yunayted”də çalışıb.

15. Ceff Herst – 24
Tanınmış britaniyalı futbolçu və məşqçi Britaniya İmperiya Ordeninin üzvü və cəngavər titulunun sahibidir. Uzun illər “Vest Hem”də mərkəz hücumçusu kimi çıxış edib. Milli komandada da eyni mövqedə oynayıb. Futbol tarixinə dünya çempionatının final oyununda üç qol vuran yeganə futbolçu kimi düşüb. Həmin vaxt AFR yığması 4:2 hesabı ilə məğlub edilib.