00:06 09-04-2021
news_image
204
FUTBOL

25 il ötdü – Bakıdakı ilkdən

Azərbaycan millisinin Bakıda keçirilən ilk oyununun 25 ili tamam olur.

Apasport.az saytının məlumatına görə, yığmamız paytaxt azarkeşləri önündə ilk görüşünü 1996-cı il aprelin 9-da keçirib.

Həmin gün Kazbek Tuayevin baş məşqçisi olduğu yığma Türkiyə ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşün taleyini 1 qol həll edib.

Tarixində ilk dəfə qatılacağı Avropa çempionatının final mərhələsinə hazırlaşan “ay-ulduzlular”ın qələbə qoluna ikinci hissənin əvvəlində Rahim Zafer imza atıb. Rəqib baş məşqçi Fatih Terim həmin qarşılaşmada “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”dan olan oyunçulara ehtiyac duymayıb.

Yığmamız isə ölkə xaricində çıxış edən ən yaxşı legionerlərin də xidmətindən yararlanıb: Elxan Həsənov, İqor Getman, Deni Qaysumov, Tərlan Əhmədov, Vladislav Lıçkin, Rasim Abışov (Vladimir Nasenko, 46), Emin Ağayev, Şahin Diniyev (Vidadi Rzayev, 46), Vladislav Qədirov, Nazim Süleymanov (k), Vəli Qasımov (Yunis Hüseynov, 83).

Qeyd edək ki, əsası 1992-ci ildə qoyulan komandamız bunadək ölkəmizdə təşkil olunan yeganə yoxlama matçına Gəncədə çıxıb. AVRO-1996-nın ev oyunlarını isə Türkiyənin Trabzon şəhərində keçirib.