00:44 09-04-2021
news_image
173
FUTBOL

Ağır zədədən qayıdıb, yüksəlişə keçənlər - ADLAR

Futbolçular üçün ən arzuolunmaz hadisə zədələnməkdir.

Apasport.az saytının məlumatına görə, məhz bu səbəbdən böyük potensiala malik yüzlərlə oyunçunun karyerası istənilən kimi alınmayıb.

Amma bəziləri ağır zədəyə baxmayaraq, futbola qayıtmağı, hətta yüksək səviyyədə oynamağı bacarıb. Onlardan bir neçəsini xatırlayaq:

Petr Çex
Çexiyalı qolkiper kaskanı karyerasının əvvəlindən taxmırdı. 2006-cı ilin oktyabrında normal görünən epizodda “Ridinq”li Stefen Huntla toqquşdu. Həmin an Çexin ağır xəsarət almasına yol açdı. Əməliyyatla başına platin qoyulan sabiq “Çelsi”li həmin hadisədən sonra bütün matçlara xüsusi kaska ilə çıxdı.

Françesko Totti
“Roma” və sədaqət rəmzi dedikdə futbol azarkeşlərinin ağlına gələn ilk ad Tottidir. 2006-cı ilin fevralında ağır zədə alan italiyalı ulduz futbolçunun 9 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlandı. Ancaq o qədər əzmli oyunçu idi ki, 4 aydan sonra futbola qayıtdı. Bunun sayəsində dünya çempionatına da yetişdi.

Ronaldo
Bütün dövrlərin ən yaxşı hücumçularından sayılan Ronaldo iki dəfə çıxılmaz vəziyyətə düşüb. İlk zədəsini sağaltdıqdan sonra çıxdığı ilk matçda dizi burxulan “yekədiş”in karyerasını bitirəcəyi düşünülürdü. Ancaq o, geri qayıtdı, “Real” və Braziliya millisi ilə çempionluqlar qazandı.

Erik Abidal
Karyerasının ən parlaq illərini “Barselona”da keçirən fransalı müdafiəçi qaraciyər xərçənginə tutuldu. Ancaq əməliyyat olunaraq buna qalib gəldi və yenidən yaşıl meydanlara qayıdaraq, uğurlu çıxışını davam etdirdi.

Rud van Nistelroy
Əfsanəsi olduğu “Mançester Yunayted”ə keçməzdən əvvəl ağır zədədən çıxan Nistelroyun keçidi bir il təxirə salındı. Bu da “qırmızı şeytanlar”a sərf elədi. Həm daha ucuz qiymətə gəldi, həm də əla çıxışla yadda qaldı.

Antonio Kassano
“Roma”da olarkən oyunların birində özünü pis hiss etdi. Müayinədən sonra ürəyində və beynində problem aşkarlandığı üçün əməliyyat olundu və 6 ay sağlamlığına qovuşmaq üçün mübarizə apardı. Hamı Kassanonun bir daha futbol oynamayacağını deyirdi. Amma qayıtmaqla kifayətlənmədi, AVRO-2012-nin finalına qədər irəliləyən İtaliya yığmasının önəmli simalarından idi.

Conas Qutyerres
Xərçəng xəstəliyinə qalib gələn daha bir futbolçu. Argentinalı bir il müalicə aldıqdan sonra karyerasını bərpa etdi. Qaldığı yerdən davam edən Qutyerres hələ də futboldan getməyib.

Maykl Ouen
18 yaşında “Liverpul”da ulduzu parlayan Ouen ardıcıl zədələrdən əziyyət çəkdi. Buna rəğmən İngiltərənin ən güclü oyunçuları sırasına düşməyi bacardı. Ancaq getdikcə oyununda eniş yaranmağa başladı. Artıq yüksək səviyyədə oynamadığını görüncə 33 yaşında karyerasını bitirdi.