21:17 08-04-2021
news_image
84
FUTBOL

“Meydandakı nizam-intizam da çox vacib idi” – yığmamızın baş məşqçisi

“Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı”.

Apasport.az-ın azfutzal.az saytına istinadən məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis AVRO-2022-nin seçmə mərhələsinin V turunun Slovakiya ilə səfər matçı barədə fikirlərini açıqlayıb: “Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi. Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi. Fikrimcə, yaxşı nəticə qazandıq. Bunun üçün də yaxşı hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik”.

Onun slovakiyalı həmkarı Marian Berki də qarşılaşmanı dəyərləndirib:
“Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq. Əlbəttə, nəticənin bu cür alınmasında əsas səhv özümüzdədir. Çünki Drahovski əla şansı qaçırdı. Halbuki həmin anda qapıya düşə bilsəydi, bu gün 3 xalı biz qazanacaqdıq. Oyun planında yaxşı çıxış etdik. Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində uğurlar arzulayıram. Bizim şansımız isə son oyundakı nəticədən asılıdır”.