10:31 09-04-2021
news_image
66
FUTBOL

Yığmamızın oyunçusu: “Təkbaşına heç nə edə bilməzdim” - MÜSAHİBƏ

Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə oyunda Azərbaycan millisinin yeganə qoluna imza atan Qalo fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, futzalçı 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

- Oyunla bağlı hansı məqamları qeyd edərdiz...
- Bilirdik ki, Slovakiya yığması güclü rəqibdir. Onlarla Bakıdakı oyunumuz da çətin keçmişdi. Üstəlik, bizimlə oyuna daha yaxşı hazırlaşmışdılar. Qələbə qazanmaq istəyirdilər.

- Qrupda keçirdiyimiz 5 oyundan hansını daha ağır hesab edirsiz?
- Slovakiya ilə hər iki oyunumuz çətin keçdi. Qrup mərhələsinə Bakıda onlarla qarşılaşma ilə start verdik. Onda əksər oyunçularımız uzun müddət idi zalda məşq keçmirdi. Bu dəfə isə 4 vacib oyunçumuz bizimlə deyildi. Zədə onlara Slovakiyaya gəlməyə imkan vermədi. Nəticədə növbəti ağır oyunumuza çıxdıq. Şükür ki, oyunu xalsız yekunlaşdırmadıq.

- Sona 30 saniyə qalmış qol vuran Qalo matçdan sonra özünü necə hiss edir?
- Qolu kollektiv şəkildə vurduq. Ramiz Fineoya ötürmə verdi, o da Edunu gördü və yekunda rəqib qapısına yol tapdıq. Görürsüz, mən təkbaşına heç nə edə bilməzdim. Bir qolun vurulması üçün görün neçə nəfər əziyyət çəkir. Ona görə də qazansaq da, itirsək də, bu kollektivin zəhmətidir.

- Oyunun gedişində zədələndiz və meydanı tərk etdiz. Zədəniz ciddidirmi?
- Xeyr, heç bir zədəm yoxdur. O da bir taktiki gediş idi. Həqiqətən çox yorulmuşdum. Ona görə əvəzlənməyimi istədim. Bir qədər dincəldim və sonra meydandakı yerimi aldım. Yaxşı ki, zədəm yoxdur (gülür).

- Son oyunda Yunanıstan millisi ilə qarşılaşacaqsız. Motivasiya varmı?
- Hər oyunda maksimum nəticə qazanmaq üçün bizim motivasiyamız var. Qələbə ilə başlamışıq, elə qələbə ilə də yekunlaşdırmalıyıq. Bu özü bir motivasiyadır. Üstəlik, doğma meydanda oynayacağıq. Qələbəmiz bizə həm də reytinq xalları qazandıracaq.