10:10 19-08-2008
news_image
385
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov XX kateqoriyalı beynəlxalq turnirə heç-heçə ilə başlayıb

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turniri start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, üçüncü dəfə təşkil edilən nüfuzlu yarışa Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov da qatılıb. Reytinqdə 4-cü olan 23 yaşlı qrossmeysterimiz ilk görüşdə qələbə qazana bilməyib. Qara fiqurlarla Peter Lekoya (Macarıstan) qarşı oynayan təmsilçimiz heç-heçə ilə kifayətlənib. Ruslan Ponomaryovla (Ukrayna) Boris Qelfandın (İsrail) görüşündə də qalib müəyyənləşməyib. Digər oyunlarda Vladimir Kramnik (Rusiya) Aleksey Şirovu (İspaniya), Aleksandr Morozeviç (Rusiya) Yevgeni Alekseyevi (Rusiya), Vasili İvançuk (Ukrayna) isə Qata Kamskini (ABŞ) məğlub edib. Bu gün II turun oyunları keçiriləcək: V. Kramnik - P. Leko, Ş. Məmmədyarov - A. Morozeviç, Y. Alekseyev - R. Ponomaryov, B. Qelfand - V. İvançuk, A. Şirov - Q. Kamski.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış avqustun 27-də başa çatacaq. Avqustun 29-30-da isə 18 şahmatçının iştirakı ilə “blits-turnir” təşkil olunacaq.