12:06 09-04-2021
news_image
288
FUTBOL

Premyer Liqada 100-dən çox qolun iştirakçısı – 30 yaşdan sonra

Dünyanın ən güclü çempionatı hesab edilən İngiltərə Premyer Liqasında qol vurmaq olduqca çətindir.

Apasport.az saytının məlumatına görə, xüsusən də, 30 yaşdan sonra orada möhkəmlənmək və qolçuluq bacarığını nümayiş etdirmək böyük istedad tələb edir.

Bu yazıda məhz 30 yaşdan sonra Premyer Liqada 100-dən çox qolda iştirak edən futbolçular sıralanıb. İndiyə qədər cəmi 6 futbolçunun qol və məhsuldar ötürməsinin cəmi 100-ü keçib ki, onlardan biri karyerasını indi də davam etdirir.

1. Teddi Şeringem - 127 qolda iştirak
Şeringem 30 yaşdan sonra 127 qola verdiyi töhfə ilə bu sahədə Premyer Liqa tarixinin zirvəsindədir. 40 il 268 günlüyündə “Portsmut”la qarşılaşmada fərqlənən ingiltərəli eyni zamanda liqa tarixinin qol vuran ən yaşlı oyunçusudur.

2. Frenk Lempard - 118 qolda iştirak
“Çelsi”nin əfsanəvi kapitanı “zadəganlar”ın tarixinin bombardiridir. Yarımmüdafiəçi olmasına baxmayaraq, 30 yaşdan sonra 82 qol vurub, 36 məhsuldar ötürmə verib.

3. Yan Rayt - 110 qolda iştirak
Rayt 30 yaşını tamamladıqdan sonra 93 qol vurub ki, bu baxımdan Premyer Liqanın rekordçusudur. 1996/97 mövsümündə 34 yaşı olarkən 23 qola imza atıb. Bununla həm də 30 yaşdan sonra bir mövsümdə ən çox fərqlənən oyunçu rekorduna sahibdir.

4. Alan Şirer - 102 qolda iştirak
Şirer 260 qolla Premyer Liqa tarixinin ən məhsuldar futbolçusudur. O, yaşı 30-u keçdikdən sonra 84 qol vurub, 18 assist edib.

5. Canfranko Zola - 101 qolda iştirak
İtaliyalı “Çelsi”nin heyətində 30 yaşdan sonra 101 qolda yaxından iştirak edib. O, bu müddətdə 59 dəfə rəqib qapıçılarını məyus edib, 42 dəfə məhsuldar ötürmə verib.

6. Ceymi Vardi - 100 qolda iştirak
34 yaşlı Vardi hələ də karyerasını davam etdirdiyindən, siyahıda irəliləyə bilər. “Lester”in forvardı son 4 ildə 81 qol, 19 assistlə yadda qalıb.