22:12 09-04-2021
news_image
247
FUTBOL

Ölkələrinə ÇL zəfərini yaşadan 9 avropalı – Azərbaycan yenə siyahıda yoxdur

Avropanın ən titullu klub turniri, şübhəsiz ki, Çempionlar Liqasıdır.

Apasport.az saytının məlumatına görə, UEFA-ya üzv olan 55 ölkənin heç də hamısının klubu və ya futbolçusu bu turnir həyəcanını yaşamayıb.

Ancaq elə ölkələr var ki, klubları ÇL titulunu xəyal belə edə bilməsə də, bu kuboku başı üzərinə qaldıran futbolçusu olub. Təəssüf ki, bu siyahıda da azərbaycanlı futbolçuya rast gəlmək mümkün deyil.

Beləliklə, ölkələri adına Çempionlar Liqasını qazanan yeganə nümayəndələri təqdim edirik:

Ferens Puşkaş - Macarıstan
Puşkaşın dönəmində Macarıstan yığması məğlubedilməz idi. Buna rəğmən ölkə futbolu adına Çempionlar Kubokunu qazanan yeganə şəxs məhz Puşkaş olu. Onun heyətində yer aldığı “Real” 1959, 1960 və 1966-cı illərdə kuboku muzeyinə aparıb.

Avi Hohen - İsrail
İngiltərədə oynayan ilk israilli olan Kohen “Liverpul”da 2 mövsüm qalıb. Əsas heyətin daimi üzvü olmasa da, 1979/80 mövsümündə “Aston Villa”ya vurduğu qolla “qırmızılar”a ölkə çempionluğunu qazandırıb. Bəlkə də, bu qol sayəsində daha bir il “Liverpul”da qalan Kohen həmin mövsüm Çempionlar Kubokunu başı üzərinə qaldırıb.

Xristo Stoiçkov – Bolqarıstan
Siyahıda yer alan ölkələrdən heç də hamısı futbol ölkəsi deyil. Ancaq Bolqarıstan Stoiçkovun dönəmində dünya çempionatına da qatılmağı bacaran önəmli futbol ölkəsi sayılırdı. O, 1992-ci ildə “Barselona” tarixinin ilk Çempionlar Kuboku titulu qazanmasında mühüm rol oynayıb.

Massimo Bonini - San Marino
San Marino futbolu həmişə dünyanın ən zəiflərindən olub. Bu ölkə tarixinin ən dəyərli oyunçusu isə Massimo Boninidir. Ardıcıl 7 mövsüm “Yuventus”un formasını geyinən Bonini 1985-ci ildə Çempionlar Kuboku tituluna yiyələnib. O, eyni zamanda Kuboklar Kubokunu, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Edqaras Yankauskas – Litva
Yankauskas ölkəsində ardıcıl 5 il ən yaxşı futbolçu seçilib. Sonuncu belə titulu 2004-cü ildə “Porto” ilə Çempionlar Liqasını qazananda əldə edib. Həmin vaxt heyətdə yer alan Benni Makkarti də Cənubi Afrikanın hələ də ÇL-i qazanan yeganə oyunçusudur.

Kaxa Kaladze – Gürcüstan
Kaladze 9 il “Milan”ın formasını geyinib, “rossonyerlər”in böyük uğurlarının iştirakçısı olub. 2012-ci ildə karyerasını bitirən gürcüstanlı sabiq oyunçu 2003 və 2007-ci illərdə Çempionlar Liqasının qalibi olub.

Aleksander Qleb – Belarus
Qleb də Belarus tarixinin ən yaxşı futbolçusudur. “Ştutqart” və “Arsenal”la böyük sıçrayışa nail olan keçmiş yarımmüdafiəçinin karyerası 2008-ci ildə “Barselona”da olarkən enişə keçib. Cəmi bir mövsüm Kataloniya klubunda qalsa da, ÇL-i qazanan heyətdə yer alıb.

Eydur Qudyonsen – İslandiya
İslandiya futbolu dedikdə ağıla gələn ilk ad məhz Qudyonsendir. Ölkəsinin ən yüksək karyeraya malik oyunçusu “Çelsi” və “Barselona” kimi Avropa nəhənglərinin formasını geyinib. “Barselona”da 3 mövsüm keçirən sabiq hücumçu son ilində Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.

Qoran Pandev – Şimali Makedoniya
Joze Mourinyonun rəhbərliyi altında ən gözəl illərini keçirən “İnter” 2010-cu ildə ÇL-in finalında “Bavariya”nı məğlub edib. “Neradzurra”nın o heyətində olan Pandev Şimali Makedoniyanın bu titula yiyələnən yeganə üzvü kimi tarixə düşüb. Həmçinin Makdonald Mariqa da həmin vaxt heyətdə yer almaqla Keniyanın ÇL-dəki yeganə çempionudur.