13:00 11-04-2021
news_image
281
FUTBOL

Premyer Liqamızın “ağsaqqalları” - SİYAHI

Azərbaycan Premyer Liqasında cari mövsümdə meydana çıxan ən yaşlı 10 futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ilk sıralarda 1985-86-cı il təvəllüdlü oyunçular yer alıb.

Beş futbolçu bu il 36, beşi isə 35 yaşını qeyd edir. Onlardan bəziləri artıq builki ad gününü də keçirib.

1. Saşa Stamenkoviç (Sabah) – 36 yaş
Serbiyalı qolkiper mövsümün rekordçusudur. Üç ay öncə ad gününü qeyd edən legioner komandasının 1 nömrəsi olmaqda davam edir.

2. Ruslan Əmircanov (Keşlə) – 36 yaş
Mövsümün ən yaşlı sahə oyunçusu, həm də ən yaşlı yerli futbolçu artıq 36 yaşını qeyd edib. Lakin daha çox ehtiyatda qalan futbolçu nadir hallarda əsas komandada şans qazanır, bəzən isə I divizionda meydana çıxır.

3. Kamal Bayramov (Keşlə) – 36 yaş
Son turlarda əsas heyətdə yer alan qapıçı mövsümün böyük hissəsini ehtiyatda keçirib. O, ad gününü növbəti mövsümün əvvəlində qeyd edəcək.

4. Anar Nəzirov (Qəbələ) – 36 yaş
Daha bir komandada 1 nömrə bu il 36-nı arxada qoyacaq. O, həmyaşıdları ilə müqayisədə daha çox şans qazanması ilə seçilir.

5. Rail Məlikov (Keşlə) – 36 yaş
Millinin sabiq futbolçusu ehtiyat oyunçular skamyasında daha çox keçirir. Lakin o da Əmircanov kimi divizion həyəcanı yaşamağa nail olub.

6. Kamran Ağayev (Səbail) – 35 yaş
Uzun fasilədən sonra meydana qayıdan qolkiper artıq 35-i arxada qoyub. Millinin sabiq 1 nömrəsi klubda rəqabəti uduzaraq ehtiyatda qalır.

7. Keysuke Honda (Neftçi) – 35 yaş
Bu yay yubileyi olacaq yaponiyalı Premyer Liqanın ən yaşlı əcnəbi sahə oyunçusudur. Legionerlər arasında yalnız Stamenkoviç ondan böyükdür. 

8. Nikola Vuyadinoviç (Sabah) – 35 yaş
Veteran Premyer Liqada cəmi 8 dəfə şans qazanıb. Qırmızı vərəqə aldığı VIII tur onun paytaxt klubunda son matçı olub.

9. Asif Məmmədov (Qəbələ) – 35 yaş
Cari mövsüm qol sevinci yaşayan ən yaşlı oyunçudur. Yarımmüdafiəçi artıq iki dəfə fərqlənməyə müvəffəq olub.

10. Stanislav Namaşko (Keşlə) – 35 yaş
“Onluq”da yer alan 4-cü “Keşlə” təmsilçisidir. Uzun müddət komandanın 1 nömrəsi olan moldovalı sonradan yerini itirib.