18:03 10-04-2021
news_image
269
FUTBOL

“Çətin rəqibə qarşı yaxşı oyun göstərdik” – Samir Abasov

“Həyəcanlı oyun idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXII turunda “Qəbələ” ilə heç-heçə nəticələnən (2:2) oyun barədə danışarkən deyib.

Abasov matçdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Çətin səfər matçında çətin rəqibə qarşı yaxşı oyun göstərdik. Yaxşı mübarizə oldu. Həddən artıq qol epizodlarımız oldu. Təəssüf ki, dəyərləndirə bilmədik. Sona kimi döyüşəcəyik. Bəzi dəyişikliklər etməyimiz normaldır. Təzyiqi aradan qaldırmaq, uşaqları rahatlatmaq üçün bu dəyişiklikləri etməyə məcburuq. Futbolçularımız bu gün can yandırdılar. Bəzi epizodlarda riskli oynadılar. Bu da qələbə istəyindən qaynaqlanırdı. 3 xal almadığımız üçün bəlkə də, üzülürük. Əlimizi aşağı salmaq ixtiyarımız yoxdur”.

- Birinci hissədə Diazın oyunundan sanki narazı idiniz. İkinci hissədə yaxşı idi. Həmçinin Yusuf Lavalın əvəzlənməsi nə ilə bağlı idi? Yazılana görə, onunla dava yaranmışdı...
- Yusuf yorulmuş kimi görünürdü. Həm hücumda, həm də müdafiədə effektli deyildi. Bizə həmin an Ahmed kimi hücumçu lazım idi. Mən deyirəm ki, o yazanları aktyor edək. Olmayan şeyləri yazıb ictimaiyyətə təqdim edirlər. 

- Qapıçı mövqeyindəki dəyişiklik nə ilə bağlı idi?
- Aqil Məmmədovun bir az zədəsi var idi. Amma əsas səbəb bu deyildi. Özümüz bəzi dəyişikliklər edirik ki, oyunçular təzyiqdən çıxsınlar. “Neftçi” böyük azarkeş kütləsinə malikdir. Kənardan olan təzyiqi də oyunçular eşidirlər. Səlahət Ağayevin səhvinə gəlincə, orada, bəlkə də, müdafiəçi günahkardır.

- Ahmed Ahmedov son dəqiqələrdə real şansı əldən verdi. O da təzyiq altında olacaq?
- Məncə, qapının içindən qolu vura bilməyən başqa oyunçularımız da oldu. Bizim işimiz oyunçuları təzyiqdən çıxarmaqdır. Biz özümüz də onların üstünə gedə bilmərik.