21:33 11-04-2021
news_image
258
FUTBOL

“Çətinlikləri göz önünə gətirməliyik” – Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik, istəkli komandaya qarşı oynadılar”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”la keçirilən oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis komandasının 4:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərini bölüşüb: “Rəqib sona qədər oyundan qopmadı, daim nəticə, düzgün oyun üçün ən yaxşısını etməyə çalışdı. Vacib qalibiyyət idi. “Sumqayıt”a qarşı oynamaq mənim və futbolçularım üçün xoşdur. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq. Problemlərimiz olsa da, meydandakı oyunçular oyun nizam-intizamını qorumaq üçün çalışdılar”.

- Mahir Emreli, Qara Qarayev və Xayme Romeronun son durumu nə yerdədir?
- Qara və Mahir bu günə kimi fərdi məşq edirdilər. Qara son məşqin bəzi hissəsində komanda ilə birgə oldular. Bəlkə də, oynaya bilərdilər, amma risk etmədik. Mahirin “Səbail”lə görüşdə iştirakı sual altındadır. Romeronun da mikrozədəsi var idi. Bu həftə kollektivlə 40-50 faiz məşq etmişdi. Onun da bu gün meydana çıxması riskli idi.

- Bu gün heyəti qurarkən “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub etdiyiniz oyunu nəzərə almışdınız?
- Həmin vaxtkı heyət yadımda deyil. Bu gün futbolçu sayında da problemlərimiz var. Tam hazır olanlar meydanda idi. Həmişəki kimi deyil, fərqli dəyişikliklər etdik. Abdullah Zubiri daha tez əvəzlədik. 

- Rəqibin baş məşqçisi 4-cü hakimdən şikayətləndi. Siz kənarda hakimlikdən təzyiq hiss etmədiniz?
- Bu gün biz tərəfdən belə bir şey yox idi. Ayxan müəllim tərəfə baxmadım. Bəzi oyunlarda hakimlər etirazlarını bildiriblər. Ümumilikdə çox səs-küy olmağı xoşlamıram. Amma futbol emosional oyundur. Hakimin məşqçiyə etirazını bildirməsi də futbolun gözəlliklərindəndir.

- Qarşıdan ölkə kuboku da gəlir. Heyətdəki itkiləri nəzərə alsaq, hər iki turnirdə sona qədər yarışmaq çətin olmayacaq?
- Bu turnirlərdə qalib gəlmək istəyiriksə, çətinlikləri göz önünə gətirməliyik. İnşallah, qarşıdakı oyunlarda heyətimiz düzələr, sağlam futbolçuların sayı çox olar. Çempionatda qalib gəlməklə, kuboku qazanmaq fərqli prestijdir. Sıx qrafikə düşürük. Doğru addımlar atmağa, rotasiyalar etməyə çalışacağıq.

- “Neftçi”nin nəticələri futbolçularınıza psixoloji cəhətdən təsir göstərmir?
- İlk növbədə öz oyunumu düşünürük. Nə qədər desək ki fikrimiz öz oyunumuzdadır, amma futbolçularda istər-istəməz bu hissiyyat ola bilər. Amma biz öz nəticəmizi düşünərək oynayırıq.