00:02 13-04-2021
news_image
134
FUTBOL

Kamerunlu bombardirlər - ÇL-də

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin PSJ ilə ilk oyununda fərqlənən “Bavariya”nın hücumçusu Erik Maksim Çoupo-Motinq bu turnir tarixində ən çox qol vuran kamerunlular siyahısında 3-cü pilləyə yüksəlib.

Apasport.az saytının məlumatına görə, ümumilikdə aktivinə 5 qol yazdıran forvardın bu sayı artırmaq üçün imkanı var.

Ümumiyyətlə, qitənin ən nüfuzlu klub turnirində kifayət qədər tanınmış kamerunlu futbolçu top qovub. Ancaq məhsuldarlıq o qədər də yüksək deyil. ÇL-də ən çox qol vuran kamerunluları təqdim edirik:

1. Samuel Eto – 30 qol
Eto uğurlarla zəngin karyerasına 78 Çempionlar Liqası matçı sığdırıb. “Real”, “Barselona”, “İnter” və “Çelsi”nin sabiq üzvü bu qarşılaşmalarda 30 dəfə fərqlənib.

2. Vinsen Abubakar - 14 qol
Etonun həmyerlisi ÇL-də keçirdiyi 23 görüşdə 14 qol vurub. Bu qolların 9-na “Porto”da, 5-nə isə “Beşiktaş”da imza atıb.

3. Erik Maksim Çoupo-Motinq - 5 qol
32 yaşlı oyunçu üç komandanın heyətində bu turnirdə ümumilikdə 24 oyunda meydanda olub. Ötən ildən “Bavariya”nın formasını geyinən Çoupo-Motinq 5 qoldan 3-nü məhz Münhen klubunda vurub.

4. Jan Makun - 4 qol
Karyerasını keçən il başa vuran Makun ÇL-də 39 oyun keçirməyə müvəffəq olub. O, “Lion”la 3, “Lill” ilə aktivinə 1 qol yazdırıb.

5-7. Aleks Sonq, Joel Matip, Aurelien Şedju – 2 qol
Sonq 47, Matip 43, Şedju isə 26 dəfə Çempionlar Liqası matçına çıxıb. Sonq “Arsenal”da, Matip “Şalke”də olarkən fərqlənibsə, Şedju qollardan birini “Lill”də, birini də “Qalatasaray”da vurub.