14:27 13-04-2021
news_image
1341
FUTBOL

“Qurban uşaqlıqdan lider kimi seçilib, bir az davakar olub” – Musa Qurbanovun xatirələri

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bu gün 49 yaşı tamam olur.

Təcrübəli mütəxəssisin uşaqlıq xatirələri, şəxsi həyatı ilə bağlı onun qardaşı, veteran futbolçu Musa Qurbanov apasport.az saytına müsahibə verib.

- Qardaşınız Qurban Qurbanovun 49 yaşı tamam olur. Yəqin ki, bu gün sizin üçün də xüsusi gündür...
- Əlbəttə. Qurban qardaşların ən yaxşılarındandır. Əslində ad gününə də önəm verən insan deyil, doğum günü keçirmir. Qurban üzdə olan adamdır, hər şey hər kəs görür.

- Qurban müəllimin uşaqlığını sizdən yaxşı heç kim xatırlaya bilməz. Uşaqlıq illəri necə keçib?
- Uşaqlıq hamımızda təxminən eyni formada keçib. Dəcəlliyi də olub, yaxşı işləri də. Qurban uşaqlıqdan işgüzar olub. Ümumiyyətlə, biz ailə olaraq kiçik yaşlardan əməksevər olmuşuq. Demək olar ki, bu yöndə böyümüşük. Düzdür, Qurban uşaqlıqda bir az davakar olub. Amma orta məktəbi yaxşı oxuyub.

- Liderlik xüsusiyyəti onda uşaqlıqdan gəlmədir, yoxsa sonradan bu hörməti qazanıb?
- Elə məktəbdə oxuyanda onda liderlik xüsusiyyəti var idi. Həmişə lider kimi seçilib, sinif yoldaşları onun arxasında gedib. Həmyaşıdları arasında fərqlənirdi.

- Bildirdiniz ki, qardaşınız uşaqlıqda davakar olub. Ən çox nəyə əsəbləşərdi?
- Əslində onun da dəcəlliyi hər uşaq kimi olub. Bütün günü hərəkətdə olurdu, gah ağaca çıxırdı, gah düz yolu qoyub divarın üstü ilə gedirdi. Elə çox əsəbi olmayıb. Amma heç vaxt özünü ayağa verməyib. Bir söz deyənin həmən cavabını qaytarıb. Bunu bəzən sözlə, bəzən fiziki güclə edib. Amma zaman keçdikcə bu xüsusiyyətini dəyişdi. Bir müddət Rusiyada futbol oynadı. Həyat təcrübəsi artdı, yavaş-yavaş daha təmkinli olmağa başladı. Başqa mədəniyyətlər gördü, çox insanlarla tanış oldu. Gör-götür dünyasıdır. Qurban da təmkinli olmağı götürüb.

- Qurban müəllimin futbola gəlişi necə olub? Səhv etmirəmsə, bundan məhz siz vasitəçilik etmisiniz...
- İkimiz də futbola gec gəlmişik. Məsələn, mən əsgərlikdən gələndən sonra başlamışam. Qurban da çox həvəsli idi. Yanılmıramsa 15-16 yaşında onu Şaban Şirdanovun yanına apardım. Bəli, Qurbanı futbola daha çox mən yönəltdim. Həyətdə topla yaxşı rəftar edirdi, sürətli idi. Görürdüm ki, “qabında” nəsə var, uşaqlardan seçilirdi. Buna görə də qərara aldıq ki, bu yolda davam edək.

- Qardaşınız evdə, qohum-əqrəba içində də çox sakitdir?
- Bəli, hər yerdə gördüyünüz Qurbandır. Yaxınları ilə ünsiyyətdə olur, danışır. Amma bir yerdə gedib oturanda sakit olur. Qohumları, dostları ilə ünsiyyətcildir. Qardaş-bacıları ilə keçmiş günləri xatırlayır, deyib-gülür. Meydanda olduğu kimi, şəxsi həyatda da çılğınlığı yoxdur. Çox ailəcanlı insandır, həm öz ailəsi, həm qardaş-bacıları, həm də yaxınlarına diqqətcildir, onların yaxşılığı üçün çalışır.

- Elə bir xasiyyəti varmı ki, şəxsən siz bəyənmirsiniz və bunu özünə demisiniz?
- Aramızda söhbətlə olur. Amma bu, ictimaiyyət üçün deyil (gülür). Onda bəyənilməyən bir şey görməmişəm.

- Həm sizin, həm də Qurban müəllimin nə vaxtsa futboldan küsdüyünüz, bu peşəni seçdiyiniz üçün peşmanlıq keçirdiyiniz an olub?
- Düşünürəm ki, olmayıb. Həyatımızdan çox razıyıq, Allah həmişə şükür edirik. Heç vaxt da peşmanlıq hissi keçirməmişik. Bəzən oyunun alınmayanda, komandan uduzanda öz-özünə deyirsən ki, futbolu qurtarıram, daha oynamayacağam. Hər ikimiz futbola sonradan gəlmişik, bizdə futbol talantı, kreativlik olmayıb. Hamısını öz əməyimiz, çalışqanlığımızla əldə etmişik. Gündə 3 yox, 5 saat məşq etmişik ki, o səviyyəyə gələk. Düzdür, böyük futbolçu olmamışıq, amma hansısa bir səviyyəyə gəlib çatmışıq. Xüsusi istedadımız olmadığı üçün bəzi oyunları bərbad keçirmişik, meydançanı əsəbi tərk etmişik. Uduzmaq bir tərəfə, özünün də bərbad çıxış etməyin çox pis təsir edirdi. Belədə ürəyimizdən “futbolu qurtarıram, mənlik deyil” kimi hisslər keçirdi. Amma hirsin soyuyandan sonra başa düşürsən ki, futbolsuz dayana bilmirsən.

- Qurban Qurbanov artıq 13 ildir “Qarabağ”ın baş məşqçisidir. Heç nə vaxtsa sizə “istefa verirəm, komandadan gedirəm”, deyib? 
- Qurbanla, demək olar ki, hər gün görüşürük, öz aramızda fikir mübadiləsi aparırıq. Komandadan getmək yox, bir il istirahət etmək istədiyini dediyi vaxtlar olub. Hərdən deyir ki, imkan olsaydı, bir il hər şeydən uzaq, sakit yaşayardım, istirahət edərdim. Amma bu, söz olaraq qalır. Yorğunluq, özünü tükənmiş kimi hiss etdiyi vaxtlar olur.

Ruslan Sadıqov