14:29 13-04-2021
news_image
110
FUTBOL

“Qətiyyən dincəlmək olmaz” – millimizin baş məşqçisi

“Hazırlığa başlayan zaman bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan da Silva həm Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə heç-heçə nəticələnən (1:1) oyun, həm də hazırlıq barədə fikirlərini bölüşüb: “Slovakiyalılar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər. Həmin matça ciddi hazırlaşdıq. Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əlehimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız 1 xal qrup liderliyini təmin etməyimizə kifayət etdi”.

Baş məşqçi Yunanıstanla sabah keçiriləcək oyunöncəsi problemlərinin olduğunu etiraf edib: “Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinya və Hadi Ahmadinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar veriləcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar”. 

Da Silva futzalçılarla söhbətlər aparıldığını əlavə edib: “Onlara oyuna ciddi yanaşmaqlarını tapşırdım. Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik”.