17:34 18-04-2021
news_image
313
FUTBOL

Qrupdan ən çox çıxanlar – Çempionlar Liqasında

Çempionlar Kubokunda qrup mərhələsinin tətbiq edilməyə başlandığı 1992/93 mövsümündən turnir Çempionlar Liqası (ÇL) adı altında keçirilir.

Apasport.az saytının məlumatına görə, 29-cu mövsümü keçirilən ÇL-də indiyə qədər 71 fərqli komanda qrupda ilk iki yeri tutaraq növbəti mərhələyə adlayıb.

Həmin 71 klub arasında qrupdan ən çox çıxan 8 komandanı təqdim edirik:

1. “Real” – 25 dəfə
Turnir tarixinin ən uğurlu komandası olan “Real” 13 dəfə kuboku muzeyinə aparıb. İspaniya nəhəngi 25 dəfə qrupdan çıxmaqla bu baxımdan rekordçudur.

2. “Bavariya” – 23
Bundesliqa hegemonu Çempionlar Liqasının ən çox iştirakçılarındandır. İlk illərdə yalnız ölkə çempionları turnirə qatıla bilirdilər. “Bavariya” son qalibi olduğu turnir tarixinin ən yaxşılarındandır.

3. “Barselona” – 22
İndiyə qədər yalnız 3 komanda qrupda ilk iki yeri tutaraq növbəti mərhələyə adlayıb ki, onlardan sonuncusu “Barselona”dır. Ötən əsrin 90-cı illərinə qədər bu turnirdə titul qazana bilməyən kataloniyalıların muzeyində hazırda 5 kubok var.

4. “Mançester Yunayted” – 18
Ser Aleks Ferqyusonun dönəmində, demək olar ki, hər il ÇL-ə qatılan “Mançester Yunayted” artıq neçə ildir ki, favoritlər sırasında deyil. “Qırmızı şeytanlar” bu mövsüm qrupda 3-cü yeri tutaraq turnirlə vidalaşıb.

5. “Yuventus” – 17
İndiyə qədər 2 dəfə kuboku qazanan “qoca sinyora” 7 dəfə də finalda məğlub olub. İtaliya təmsilçisi bu turnirin finalında ən çox yenilən komandadır. Turinlilər 2006-cı ildə A seriyasını tərk etdikdən sonra bir müddət Çempionlar Liqasından uzaq düşüb.

6. “Çelsi” – 16
“Çelsi” Roman Abramoviçin gəlişindən sonra ÇL-in daimi sakininə çevrilib. 2012-ci ildə tarixində ilk dəfə bu turnirin tituluna yiyələnən londonlular növbəti mövsüm qrupda qalsa da, Avropa Liqasını qazanıb.

7. “Porto” – 15
“Porto” “böyük beşliy”ə aid olmayanlar arasında qrupdan ən çox çıxmağı bacaran klubdur. Bu komanda hətta 1986/87 və 2003/04 mövsümlərində kuboku muzeyinə də aparıb.

8. “Arsenal” – 14
Siyahıdakı komandalar arasında yalnız “Arsenal” indiyə qədər ÇL-i qazana bilməyib. “Topçular” Arsen Vengerin dönəmində ardıcıl 15 dəfə qatıldığı yarışda 14 dəfə qrup səddini keçməyi bacarıb.